Previous Next

Narkotik vasitələrlə mübarizədə ictimaiyyətin dəstəyinin təmin edilməsi mühüm amildir!

Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında narkomaniyaya qarşı mübarizə ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirildi. Tədbirdə qonaq qismində Polisə Dəstək İctimai Birliyinin sədri, polis polkovniki Şəmsəddin Əliyev, İnsaq hüquqları və azadlıqları üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Şamaxı rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Ruslan Mehdiyev, iştirakçı qismində filialın müəllim və tələbə heyəti iştirak edirdilər.
Açılış nitqi ilə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizədə dövlət səviyyəsində görülən işlər təqdirəlayiqdir. “Bu mübarizədə təhsil işçilərinin, gələcəyin müəllimi – bu günün tələbəsi olan gənclərin də böyük rolu vardır” deyə qeyd edən direktor filialda bu kimi mövzularda mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Ş.Əliyev son illər narkomaniya ilə mübarizə tədbirlərindən danışaraq, son 3 ilin statistik göstəricilərini diqqətə çatdırdı. Qeyd olundu ki, ağ ölümün gəncləşməsi insanı həyəcan təbili çalmağa məcbur edir. Qurbanlar arasında qadınların, yeniyetmələrin olması isə ayrıca müzakirəyə səbəb olur. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu insan kapitalını məhv edir və bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda narkotik alüdəçiləri dayanır.
R.Mehdiyev sosial şəbəkələrin cəmiyyətin bəlası olan narkomaniyanın yeni hədəfi olmasından danışdı. Vurğulandı ki, gənclərimiz, xüsusən tələbələr bu gün cəmiyyətdə əsas maarifləndirici qüvvə kimi çıxış etməli, insanları zərərli vərdişlərdən uzaqlaşdıran tədbirlərə fəal şəkildə qoşulmalıdırlar.
A.Kərimov çıxışında qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. O valideyni övladdan ayıran, ailələrin dağılmasına səbəb olan əsl faciədir. Tanınmış hüquqşünas narkomaniyanın insan həyatına vurduğu zərbələrlə bağlı həyat hekayələrindən bəhs edərək gənclərə diqqətli olmağı, mübarizəyə fəal şəkildə qoşulmağı tövsiyə etdi.
Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Təranə Əkbəri narkomaniyanın fizioloji-psixoloji fəsadlarından danışaraq, onun gələcək ailələrə, doğulan uşaqların sağlamlığına, genefonda ziyan vuran bəla olduğunu qeyd etdi. Çıxışda “ağ ölüm”ün yaratdığı xəstəliklərdən, o cümlədən bir neçə nəsil davam edən yoluxucu QİÇS kimi xəstəliklər törətməsindən də danışıldı.
Tədbir diskusiya şəklində davam etdirildi və tələbələrin sualları cavablandırıldı.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin