Previous Next

ADPU-da “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib!

ADPU-nun Fizika fakültəsində Yeni Azərbaycan Partiyası (YAP) Ü.Hacıbəyli - 68 Ərazi Partiya Özəyinin təşkilatçılığı ilə Şuşa ilinə həsr olunan “Şuşa, Sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov, Ü.Hacıbəyli – 68 Ərazi Partiya Özəyinin sədri baş müəllim Əsmət Teymurova, Fizika fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri dosent Xatirə Adgözəlova, fakültənin professor-müəllim heyəti, şəhid ailələri, müharibə iştirakçısı Turan Məmmədov və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP-ın Ü.Hacıbəyli – 68 Ərazi Partiya Özəyinin sədri Ə.Teymurova Şuşa şəhəri haqqında məlumat verərək, bildirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında" qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.
Tədbirin gedişatında dos. X.Məmmədov Şuşaya həsr etdiyi şeirini ifa etdı. Şuşada doğulan və yaşayan b.m. Ədalət Quliyev Şuşa haqqında geniş və ətraflı məlumat verdi. Ə.Quliyev bildirdi ki, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər.
ADPU TEC sədri prof. Əli Zalov çıxış edərək bildirdi ki, təbiəti ilk baxışdan adamı valeh edən Şuşanı seyrə çıxarkən hər tərəfdə bir təbiət möcüzəsinə rast gəlmək mümkündür. Şəhərin cənub tərəfində yerləşən Cıdır düzünün gözəlliyini isə sözlə təsvir etmək mümkün deyil. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.
Ümumi fizika kafedrasının müəllimləri dos. Şakir Xəlilov və b.m. Əziz Babayev Şuşanın azad olunması haqqında öz təəssüratlarını an danışdılar. Müharibə iştirakçısı olan tələbə Turan Məmmədov, şəhid ailəsi üzvləri Sevinc Hacıyeva və Vüsalə Əsgərli də tarixi zəfərlə bağlı xatirələrini bölüşdülər.
Sonda tələbələrin ifasında şeirlər və mahnılar səsləndirildi, rəqslər ifa olundu və Şuşaya həsr olunmuş videoçarx nümayiş etdirildi.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search