Previous Next

Zəfər günü Azərbaycanın şanlı tarixidir” adlı elmi-praktik konfrans keçirilib!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” və “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedralarının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfər günü Azərbaycanın şanlı tarixidir” adlı elmi-praktik konfrans keçirilib.
Konfransdan öncə filialın direktoru dosent Mobil Məcidovun rəhbərliyi ilə bir qrup müəllim və tələbələr Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarları üzərinə tər çiçəklər düzüb, şəhidlərin müqəddəs ruhları ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dos. M.Məcidov qeyd etdi ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı qələbə tarixini yazdı. 44 gün davam edən Vətən müharibəsi tarixdə misli-bərabəri görünməyən haqq davası idi.
“Müharibələr itkisiz olmur. Bizim də itkilərimiz oldu. Lakin bu itkilər bizi ruhdan salmadı və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına və onun yenilməz ordusunun şücaətinə inandırdı. Beləliklə, dövlət, ordu və xalqın birliyi sayəsində tarixi qələbəyə nail ola bildik.” – deyə direktor vurğulayıb.
“Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov Azərbaycan xalqının qəhrəman xalq olaraq tarixi ədaləti bərpa etməsindən, erməni vandallarının təcavüzü nəticəsində itirilən torpaqlarımızın geri qaytarılmasından və bu işdə şərəf və ləyaqətlə döyüşən ordu və onun Ali Baş Komandanı İlham Əliyevin misilsiz xidmətlərindən danışdı.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Filialın ”Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Fəridə Mikayılova, Tədrisin idarə olunması şöbəsinin müdiri Şəbnəm Abbasova, gənc müəllimlərdən Maya Abdullayeva, Pərişan Yolçuzadə, Səbuhi Quliyev və Səbuhi Səfərov çıxış edərək xalqımızın mənfur düşmən üzərindəki tarixi qələbəsindən danışdılar.
Təxminən 3 saata qədər davam edən elmi-praktik konfrans qələbə coşğusu ilə, Zəfər gününün növbəti ildönümlərini işğaldan azad edilmiş torpaqlarda təşkil etmək diləyilə sona çatdı.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin