Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ankara Universiteti arasında akademik əməkdaşlıq protokolu imzalanıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfər çərçivəsində Ankara Universitetində olub, rektor prof. Necdet Ünüvarla görüşüblər.
Daha sonra tərəflər arasında akademik və elmi mövzularda təcrübə mübadiləsini, professor-müəllim heyətinin və tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və elmi görüşlərin təşkilini əhatə edən protokolun imzalanma mərasimi keçirilib.
Ankara Universitetinin rektoru prof. N.Ünüvar təhsili həyatın əsas vəzifələrindən biri kimi gördüklərini ifadə edərək, “Təhsil hər şeyin başlanğıcıdır. Çünki etdiyimiz hər şey insanla bağlıdır. Ona görə də, insan yetişdirmək ən dəyərli vəzifələrdən biridir. İnşallah, Ankara Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanan protokol həm Türkiyə, həm Azərbaycan, həm də insanlıq üçün xeyirli işlər görməyə imkan verəcək”.
ADPU-nun rektoru prof. C.Cəfərov vurğulayıb ki, Qarabağın işğaldan azad edildiyi 44 günlük müharibə nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı hər sahədə inkişaf etdirilməlidir. Prof. Cəfərov, - “Bu gün burada imzalayacağımız protokolun və bundan sonra görəcəyimiz işlərin həm universitetlərimizə, həm tələbələrimizə, həm ölkələrimizə, həm də bəşəriyyətə faydalı olacağına inanıram.” - dedi
Daha sonra rektorlar akademik əməkdaşlıq protokolunu imzalayıblar.
İmzalanma mərasiminin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Həmçinin rektor Ünüvar, Ankara Universitetində doktorluq təhsili alan Pedaqoji Universitetin prorektoru dos. Eldar Aslanova döş nişanı da təqdim edib.