Previous Next

Mədəniyyət paytaxtı olan Şuşa şəhərində yeni inkişaf dövrü başlayır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.  2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı elan etdiyi Şuşanın işğaldan azad olunması müjdəsi xalqımıza böyük sevinc, qürur və fəxarət hissi bəxş etdi. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.

Cari ilin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirakı zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışaraq demişdir: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin şəhərdir. İşğala qədər Şuşa şəhərində memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə var idi. 289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Əlbəttə bu işğal 90-cı illərdə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyünün talançılıqla, soyğunçuluqla məşğul olması, orduya, ordu təchizatına fikir verməməsi nəticəsində baş vermişdi. Ölkə başçısının Şuşada keçirilən tədbir zamanı qeyd etdiyi kimi: “O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər”

Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə çalışmış, Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilmişdir. Bütün bunlara baxmayaraq ermənilər bu şəhərdən xalqımızın izini silə bilmədilər. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.

Artıq mədəniyyət paytaxtı olan Şuşa şəhərində yeni inkişaf dövrü başlayır. Azad olunmuş torpaqlarda görülən işlər, aparılan infrastruktur layihələri çərçivəsində ilk olaraq “Zəfər yolu” inşa edildi, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkildi və bununla da şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edildi. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun - Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası aparılır. Şəhərdə infrastruktur layihələri ilə yanaşı tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir. Bir sıra yeni binaların da tikintisinə başlanılıb. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlər - Vaqif poeziya günləri, Xarıbülbül festivalı, Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti, VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konserti və bir sıra digər mədəni-kütləvi tədbirlər keçirilir. Bütün bunlar bir daha onu göstərir ki, Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur.

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin