Previous Next

ADPU-nun Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasına həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Təkcə akademik Mustafa bəy Topçubaşovu xatırlatmaq yetərlidir ki, seminariyanın dünya elminə necə yüksək xidmət göstərdiyi aydın olsun.
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsinin tarixi əhəmiyyətindən danışan dos. M.Məcidov, bu təhsil ocağının tarixi varlığını çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində Azərbaycan türklərinin mədəni irsinin mövcudluğunu təsdiqləyən fakt kimi dəyərləndirdi.
Sonra seminariyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Söz məruzəçilərə verildi.
Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu”, həmin kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov “İrəvan Müəllimlər Seminariyasının Azərbaycanlı müəllim və məzunları”, tədris və elmi işlər üzrə direktor müavini dosent Seymur Süleymanov “Azərbaycanlı müəllim kadrlarının hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu”, tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov “İrəvan Müəllimlər Seminariyasinın Cənubi Qafqazda maarifçiliyin inkişafında rolu”, Keyfiyyətin təminatı şöbəsinin müdiri, Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Qərənfil Rzayeva “İrəvan pedaqoji mühiti” və İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli “XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvanda kitab nəşri, məktəbdarlıq və tanınmış Azərbaycan ziyalıları” mövzusunda məruzə etdilər.
Sonra məruzələr ətrafında çıxışlar oldu, müzakirələr aparıldı.
Konfransın sonunda ADPU-nun professoru Fərrux Rüstəmovun hazırladığı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabının təqdimat mərasimi keçirildi. Kitabın əhəmiyyətindən danışan çıxışçılar belə tədqiqat işlərinin pedaqoji fikir tariximiz üçün zəruri olduğunu və bir zamanlar Cənubi Qafqazın intellektual mərkəzi olan İrəvan şəhərinin tarixinin araşdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıblar.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin