Previous Next

ADPU-da elmi seminar: Arsak: tarix və müasirlik

Dekabrın 19-da Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Arsak: tarix və müasirlik” mövzusunda elmi seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başladı.
Seminarın moderatoru Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova mövzunun aktuallığını, araşdırılmasının vacibliyini, yeni tədqiqatların aparılmasına ehtiyac olduğunu qeyd etdi.
Kafedra müdiri dedi “Uzun müddətdir ki, Arsak regionu, onun tarixi, etnik və siyasi mənsubiyyəti, adın etimologiyası ilə bağlı saxtakarlıq edilir, beynəlxalq rəydə Arsak adının və tarixinin guya ermənilərə aid olması ilə bağlı yanlış təsəvvür formalaşdırılmağa çalışılır. Əslində bu adın və tarixi bölgənin ermənilərə heç bir aidiyyatı yoxdur, Azərbaycana mənsub olduğu isə müasir araşdırmalarda danılmaz faktlarla sübuta yetirilir. “Arsak: tarix və müasirlik” elmi seminarının keçirilməsi bu faktların bir daha gündəmə gətirilməsi, elmi müzakirələrin aparılması, məqalə və digər materialların müxtəlif dillərdə çap olunaraq beynəlxalq birliyə təqdim olunmasına xidmət edir.”
Çıxış edən Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov elmi seminarların, konfransların keçirilməsinin vacibliyini vurğulayaraq, seminarın işinə uğurlar arzuladı.
Beynəlxalq Qarabağ Forumunun koordinatoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi çıxışında məlumat verdi ki, 2021-ci ilin dekabr ayında “Arsak: tarix və müasirlik” adlı beynəlxalq elmi konfrans keçirilib və onun materialları Azərbaycan, ingilis və rus dillərində nəşr olunub. Forumun nümayəndəsi bildirib ki, növbəti konfransın 2023-cü ildə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu konfransların keçirilməsinin əsas məqsədi elmi mərkəzlər, elmi araşdırmaçılar arasında birbaşa əlaqələrin yaradılması, gənc tədqiqatçıların cəlb edilməsi və onların qədim və müasir xarici dillərə yiyələnmələrinin stimullaşdırılmasıdır.
Spikerlərdən dosent Firdovsiyyə Əhmədova sürətlə dəyişən dünyada informasiyanın nə qədər əhəmiyyətli olmasını qeyd etdi və buna görə də, aparılan tədqiqatların, araşdırmaların nəticəsini həm ölkə daxilində, həm də ölkədən kənarda aktiv şəkildə yayılmasının təşkilinin vacib olduğunu göstərdi. Alim Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin alimləri ilə birgə aktual mövzuların işlənməsi, elmi saxtakarlıqların ifşası, tarixi həqiqətlərin üzə çıxarılması işinin davamlı aparılmasının vacibliyini vurğuladı.
Dosent Akif Nağı çıxışında yüz illər boyu ermənilərin həyata keçirdikləri saxtakarlıqların kökünün araşdırılması, onların yalanlarının səbəbləri və gələcək mənfur niyyətləri barədə faktları açıb göstərməklə ermənilərin “alimliyininin” ifşasının mühümlüyünü qeyd etdi: “Bunun üçün isə Azərbaycan tarixinə yeni elmi yanaşma, yeni baxış tələb olunur. Müasir imkanlardan, - elektron kitabxanalar, arxiv materialları, qədim xəritələr, müxtəlif nəşrlərdən effektiv istifadə olunmalı, müxtəlif dillərdə informasiya resursları yaradılmalıdır.”
Daha sonra BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri dosent Kərəm Məmmədov “Qafqazın qədim tarixi ilə bağlı erməni saxtakarlığı”, türkoloq Bəxtiyar Tuncay “Albanların dili və ədəbiyyatı”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi, gənc tədqiqatçı Leyla Babazadə “Albaniyanın siyasi tarixinin əsas problemləri” mövzusunda məruzə etdilər. Tarix üzrə fəlsəfə doktoru Ramin Əlizadə “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” adlı məruzəsində dedi: “Birinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Xuzistanda baş konsulu olan P.Sayks “Persiya tarixi” kitabında Parfiya dövlətini yaradan Ərsak sülaləsinin Turan tayfasına mənsub olduğunu və parn adlandığını, həmçinin dahelər kimi tanınan şimal köçərilərinin bir qolu olduğunu qeyd edir. O, e.ə. I minillikdə Yaxın Şərqdə siyasi güclərin ardıcıl olaraq hakimiy¬yət sürmələrinə nəzər salaraq yazır: “Samilər Babil və Aşşur imperiyalarında Midiya və Persiya ariləri güclənənə qədər öz hakimiyyətlərini qoruyub saxlamışdılar. III əsrdə arilər yenidən üstün mövqeyə yiyələnənə qədər isə beş əsr boyunca bir Turan irqinin hakimiyyəti altında idilər”. Burada P.Sayks Turan irqi dedikdə Parfiyanın Ərsaklar sülaləsini nəzərdə tuturdu”.
Məruzələrdən sonra müzakirələr başlandı, məruzəçilərə suallar verildi.
Qeyd edək ki, seminarın işində Beynəlxalq Qarabağ Forumunun üzvləri, ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti, tələbələr iştirak etdi. Sonda bu cür elmi seminar və konfransların davam etdirilməsi haqqında qərar qəbul olundu.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search