Previous Next

Azərbaycan 2027-ci ilədək Avropaya mavi yanacaq ixracını təxminən iki dəfə artırmağı hədəfləyib

Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur. Noyabrın 23-də Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri və bu ayın  21-də Serbiya lideri Aleksandar Vuçiçin respublikamıza işgüzar səfəri bunun bariz ifadəsidir. Prezident İlham Əliyev Bakıda serbiyalı həmkarı ilə təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında bərqərar olan münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”.

            İndiyədək iki ölkə arasında 50-dək sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin Serbiyaya noyabr ayında baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

            Prezident İlham Əliyev Azərbaycan-Serbiya əlaqələrini strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirib. “İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

            Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqı məkanının ayrı-ayrı ölkələri özlərinin enerjiyə olan tələbatlarını həm də respublikamızdan tədarük olunan karbohidrogen resursları hesabına qarşılayırlar. Azərbaycan 2027-ci ilədək Avropaya mavi yanacaq ixracını təxminən iki dəfə artırmağı hədəfləyib. Hazırda 3500 kilometr məsafədə uzanaraq Avropanın mərkəzi hissəsinədək çatan Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılır. O cümlədən bu kəmərin şaxələndirilməsi istiqamətində praktiki müstəvidə layihələrin icrasına başlanıb. Şaxələndirmə layihələrində həmçinin Serbiyaya Azərbaycandan qaz ötürülməsi nəzərdə tutulur. Enerji sektorunda başqa bir önəmli seqment bərpa olunan enerjinin Avropaya, o cümlədən də Serbiyaya nəqli ilə bağlıdır. Respublikamızda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Azərbaycanda istehsal olunan “yaşıl enerji” Avropa məkanına Qara dənizin dibi ilə çəkiləcək xətlə ötürüləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb. Dost Serbiya da ölkəmizdən elektrik enerjisinin idxalında maraqlı olduğunu bildirib. “Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev bildirmişdir.

            Göründüyü kimi, Azərbaycanla Serbiyanın dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkənin əlaqələri hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, özünü enerji sektorunda olduğu kimi, xarici iqtisadi əlaqələrdə də göstərib. Ötən dövrdə imzalanan əməkdaşlıq sənədləri digər əlaqələrin də yüksələn xətlə inkişafında əhəmiyyət rol oynayıb.

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin