Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov Azərbaycan Texniki Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin ilk iclasında iştirak edib.
Baş tutan iclasda komitənin funksiyaları, komitəyə sədrliyə namizədə dair tələblər, idarə heyəti və sədrin seçim qaydaları tərəfdaşlara təqdim edilib və onların rəyləri əsasında müvafiq düzəlişlər edilib. İdarə heyətinin sədri vəzifəsini tutmaq üçün namizədliyi irəli sürülən 16 namizəd arasından 68.8% səs çoxluğu ilə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov idarə heyətinin sədri seçilib.
Daha sonra keçirilən səsververmədə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru Nigar Rüstəmova və Odlar Yurdu Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov səs çoxluğu ilə Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin sədr müavini seçilib.
ERASMUS+ proqramının Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov iclasda iştirak edib, layihənin işlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq universitetlər birliyi yaratmaq və bu vasitə ilə universitetlərarası milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.