Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib.
İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov iclasın gündəliyini diqqətə çatdırıb. İclasın gündəliyinə 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti (kafedra müdirlərinin məlumatı), fakültədə aparılan elmi-tədqiqat işlərinin hesabatlarının müzakirəsi (kafedra müdirlərinin elmi işlər üzrə müavinlərinin məlumatı), tədrisdə cari keyfiyyət göstəricilərinin müzakirəsi (kollokviumların və tələbə tədqiqat layihələrinin yerinə yetirmə vəziyyəti), fakültə Tədris-Metodiki Şurasının (TMŞ) I yarımilə aid hesabatı daxil edilmişdir.
Daha sonra Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevinc Cəlilova və Əməyin texnologiyası kafedrasının müdiri dosent Səadət Musayeva imtahanlara hazırlığın vəziyyəti, kollokviumlar və tələbə tədqiqat layihələrinin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verdi. Kafedra müdirlərinin hesabatları qənaətbəxş qiymətləndirilib.
Elmi işlər üzrə müavinlər professor Aydın Ələkbərov (Ümumu fizika kafedrası) və dosent Qalib Şərifov (Fizikanın tədrisi texnologiyası kafedrası) professor-müəllim heyətinin elmi fəaliyyəti, “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalardakı jurnallarda çap olunmuş elmi əsərlər haqqında geniş məlumat veriblər. Fakültə TMŞ-nın sədri professor Namiq Niftiyev professor-müəllim heyətinin dərslərinin dinlənilməsi ilə bağlı geniş hesabatla çıxış edib. O, dinlənilən dərslərlə bağlı təklif və nöqsanları diqqətə çatdırıb. Prof. N.Niftiyevin hesabatı qəbul edilib və qənaətbəxş qiymətləndirilib.
Yekunda çıxış edən fakültə EŞ-nın sədri dos. A.Daşdəmirov kafedralarda beynəlxalq bazalarda indekslənən jurnallarda məqalələrin çap olunması ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.