Previous Next

Azərbaycan-Çin əlaqələri yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib

Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.

Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq etmişlər. Xüsusilə də ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfərindən sonra iki ölkə arasında əlaqələrin spektri genişləndirilmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən Ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir.  Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir.

Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdə olmuşdur. Şanxayda keçirilən Zirvə toplantısında qəbul edilən Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar da öz əksini tapmışdır. Bəyannamənin 3.5-ci bəndində göstərilib: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq”. Nəzərə alsaq ki, Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür, dünyanın inkişaf etmiş güclü dövlətlərindən biridir, belə olan halda onun bölgənin lider dövləti ilə əməkdaşlığa xüsusi önəm verməsi yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə əsaslı zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı qeyd etdiyi kimi: “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika mövcuddur. Ölkə başçısının 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az - 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

China Global Television Network televiziya kanalına müsahibəsi zamanı Ölkə başçısı qeyd etmişdir: “Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.

Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Professor Mahirə HÜSEYNOVA

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,

Filologiya fakültəsinin dekanı v.i.e.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

 

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin