Previous Next

Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər

Azərbaycanın Avrasiya məkanındakı nüfuzunun son zamanlar durmadan artması təsadüfi deyil. Burada ölkəmizin mühüm geosiyasi məkanda yerləşdiyinə və ya zəngin təbii resurslara malik olması deyil dövlət başçısının siyasi uzaqgörənlikdən yaranan nüfuzunun mühüm rolu var.

Ötən əsrin son onilliyində Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə bizi bir dövlət kimi tanıyan ilk ölkələrdən biri məhz Rumıniya olmuşdur. Həmin il dekabrın 11-də rəsmi Buxarest Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyun ayının 19-da qurulmuşdur. 1995-ci ilin iyulunda ümummilli lider Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş, sonrakı ilin martında isə Rumıniya Prezidenti İon İlesku Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu qarşılıqlı səfərlər isə ölkəmizin həm siyasi-diplomatik, həm də ticari-iqtisadi əməkdaşlığını bugünkü səviyyəyə qaldırmağa zəmin yaratmışdır.

Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda bu məsələyə toxunaraq bildirmişdir: “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalamışdır”.

Bakı ilə Buxarest bu gün mühüm strateji tərəfdaşlıq platformasına əsaslanaraq, müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addımlar atırlar. Dövlət başçılarının fikrincə, digər sahələr də prioritet təşkil edə bilər, həmçinin nəqliyyat sahəsi də. Bu barədə Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.

Həmçinin Azərbaycan və Rumıniya arasında energetika sahəsində də əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, Rumıniyanın imkanlarından istifadə edilərək Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Xam neft məhsullarının, təbii qazın Avropaya çatdırılmasında mühüm rol oynayan Rumıniyanın Azərbaycanla əməkdaşlığa önəm verməsinin digər bir səbəbi bu münasibətlərin dayanıqlı və etibarlı olmasıdır. Azərbaycanın qaz ixracının sürətlə artması, bərpaolunan enerji mənbələrinin bolluğu və bu enerjinin Avropaya ötürülməsində maraqlı olan Rumıniya üçün Azərbaycanın tərəfdaşı olmaq əlavə dividentlər vəd edir. Eləcə də nəqliyyat, loqistika imkanlarının olması da bu sahədə geniş perspektivlər vəd edir.

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search