Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının fəaliyyətə başlamasının 5 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi professor Sultan Raev, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, akademik Teymur Kərimli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin prorektor və dekanları, kafedranın əməkdaşları və professor-müəllim heyəti, tələbələr iştirak edirdilər.
Əvvəlcə qonaqlar ADPU-nun TÜRKSOY kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Sonra tədbir dəyirmi masa ətrafında davam etdirilib.
Giriş nitqi ilə çıxış edən rektor prof. Cəfər Cəfərov qonaqları salamlayaraq, əlamətdar tədbirdə Bakıda səfərdə olan TÜRKSOY-un baş katibi prof. Sultan Rayevin şəxsən iştirakının universitetə və kafedranın Türk dünyasının birliyinə xidmət edən məhsuldar fəaliyyətinə verilən dəyər olduğunu vurğuladı.
Rektor qeyd elədi ki, ötən ildən təşkilata rəhbər seçilən yeni baş katib ilk səfərlərindən birini Azərbaycana edib. Daha sonra prof. S.Raev haqqında geniş məlumat verərək, onun Qırğızıstan Respublikasının görkəmli mədəniyyət xadimi və ədəbi simalarından biri, Qırğızıstanın xalq yazıçısı olduğunu, buna qədər YUNESKO-da aktiv fəaliyyət göstərdiyini, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini kimi məsul vəzifəni icra etdiyini diqqətə çatdırdı.
Prof. C.Cəfərov vurğuladı ki, dünyada bir neçə universitetdə fəaliyyət göstərən TÜRKSOY kafedrasının illərindən biri Azərbaycanda məhz ADPU-dadır.
Çıxış edən TÜRKSOY-un baş katibi prof. Sultan Raev universitet kollektivini salamlayaraq, burada olmaqdan məmnunluğunu ifadə edib. Baş katib bildirdi ki, bu il ADPU ilə TÜRKSOY arasında imzalanan əməkdaşlıq müqaviləsindən 5 ildən çox müddət keçir və bu vaxt ərzində yaradılan ayrıca kafedra xeyli uğurlu fəaliyyət göstərmişdir. Kafedranın türk dünyası akademik mühitinə verdiyi töhfələrdən söz açan prof. S.Raev 2022-ci ildə Nizami Gəncəvinin 880 illiyi çərçivəsində kafedra əməkdaşları tərəfindən böyük alim A.E.Krımskinin "Nizami və müasirləri" əsərinin ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğunu və nəşrin yüksək elmi səciyyə daşıdığını vurğuladı. Baş katib bildirdi ki, eyni zamanda TÜRKSOY-un 30 illik yubileyi ərəfəsində türk dünyasının böyük aydınlarından Almaz İldırım irsinin təbliği məqsədi ilə onun 115 illiyinə töhfə kimi seçmə şeirləri təşkilatın nəşri kimi çap edilib və bugünkü tədbirdə əsər təqdim olunacaq.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov "TÜRKSOY kafedrası - 5 il" mövzusunda məruzəsində məlumat verdi ki, ADPU-da TÜRKSOY kafedrası 2017-ci ilin dekabrın 7-də yaradılıb və ötən dövrdə kafedrada türk dünyasının önəmli simalarının irsinə həsr olunmuş tədbirlər, konfranslar, simpoziumlar keçirilmişdir. Prorektor kafedranın əsas məqsədlərindən birinin türk dünyasının elm-mədəniyyət xadimləri və türk dünyası ali təhsil ocaqları arasında əlaqələrin qurulmasında koordinasiya mərkəzi rolu oynamaq olduğunu qeyd elədi. Prof. A.Zamanob vurğuladı ki, kafedranın fəaliyyəti nəticəsində indiyədək universitetdə Abay Kunanbayev, Nizami Gəncəvi, Mustay Kərim kimi görkəmli şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd olunub, eyni zamanda kafedra tərcümə işləri ilə məşğul olmuşdur, prof. Asəf Zamanov və dos.Təhminə Bədəlova tərəfindən ilk dəfə Azərbaycan dilinə tərcümə olunan, akad. Teymur Kərimlinin elmi redaktəsi ilə nəşr olunan “Nizami və müasirləri” əsəri bu yaxınlarda TÜRKSOY tərəfindən türk dilinə də tərcümə olunub. Prorektor vurğulayıb ki, kafedranın 2023-cü il üçün fəaliyyət planı şəxsən cənab baş katib və ADPU rektoru tərəfindən imzalanıb.
Sonra akad. T.Kərimli monoqrafiyanın tərcüməsi haqqında məruzə elədi. Məruzədə qeyd olundu ki, əsər 1941-ci ildə yazılsa da, İkinci Dünya Müharibəsinə görə onun nəşri yarımçıq qalmış, daha sonra bir də 1981-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin 840 illiyinin ittifaq miqyasında keçirilməsi ilə əlaqədar olaraq prof. Qəzənfər Əliyev və akad. Ziya Bünyadovun redaktəsi ilə rus dilində nəşr olunub. İndi isə ilk dəfə Azərbaycan dilində türk dünyasına təqdim olunan əsərin tərcüməsi və yeni redaktəsində ötən müddət ərzindəki yeni ədəbi tədqiqatlar da nəzərə alınıb.
Məruzədən sonra TÜRKSOY tərəfindən nəşr olunan Kənan Çarboğanın Türkiyə türkcəsinə çevirdiyi “Almas Yıldırımdan Seçme Şiirler” kitabının təqdimatı oldu. ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov şairin yaradıcılığı haqqında məruzə elədi, TRT Avaz televiziyasının A.İldırımın yaradıcılığına həsr etdiyi "Kökümüzün izi ilə" sənədli filmi nümayiş olundu.
Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı öz təəssüratlarını bölüşərək tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı TÜRKSOY-la birgə “Türk dünyası mədəniyyət forumu”nun keçiriləcəyi haqqında məlumat verdi, nazirliklə kafedra arasında məhsuldar əməkdaşlıq imkanlarından danışdı, indiyədək nəşr olunan “Nizami və müasirləri” əsərinin çapı və yayımına da nazirliyin yaxından dəstək verdiyini vurğuladı.
Sonda çıxış edən Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi E.Qafarlı bildirib ki, bu gün 5 illiyini qeyd etdiyimiz kafedra Azərbaycanda olmaqla yanaşı, türk dünyasında da fəaliyyətə başlayan ilk TÜRKSOY kafedrasıdır, eyni zamanda ADPU-da Türk araşdırmaları bölməsi də fəaliyyət göstərir. Daimi nümayəndə bildirib ki, ADPU-dan sonra Qırğızıstan, Türkiyə Qazaxıstan, və Başqırdıstanın ali məktəbləri ilə də müqavilələr imzlanıb, hazırda bu ölkələrdəki daha iki universitetdə kafedra fəaliyyətə başlayıb.
Kafedranın tərcümə etdiyi fundamental əsər haqqında da danışan E.Qafarlı xüsusi vurğulayıb ki, Krımski bu tədqiqatı ilə ilk dəfə Nizaminin türk şairi olduğunu dünya elmində isbatlayıb, lakin dünyada, eləcə də Türkiyədə bu gün də Nizami fars şairi kimi tanınır.Ona görə də bu kimi əsərlərin təbliği və yeni tədqiqatların aparılması olduqca vacibdir.
Tədbirin sonunda xüsusi xidmətlərinə görə prof. C.Cəfərov, akad. T.Kərimli, prof. A.Zamanov, prof. E.Quliyev, və dos. T.Bədəlova TÜRKSOY-un sertifikatı ilə təltif olunublar.