Previous Next

Pedaqoji Universitetdə anım tədbiri: "Xocalının səsi"

Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Riyaziyyat fakültəsi təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalının səsi” adlı anım tədbiri keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalıda həlak olmuş soydaşlarımızın və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru professor Cəfər Cəfərov deyib: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır. Həmin dəhşətli gecədə Xocalı şəhəri tamamilə məhv edilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər dinc sakin əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Hər il fevral ayının 26-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Bu gün biz şəhidlərimizin qisasını alıb doğma torpaqlarımızı işğaldan azad etmişik, ona görə də şəhidlərimizin, Xocalı qurbanlarının ruhları şaddır.”
Daha sonra Xocalı faciəsi ilə bağlı müxtəlif videoçarxlar təqdim edilib.
Anım mərasimində Riyaziyyat fakültəsinin tələbələrinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuş “Bitməyən kədər” və “Zülmətdən işığa” adlı ədəbi-bədii kompozisiyalar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search