Previous Next

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti və ömür yolu Azərbaycan xalqı üçün örnəkdir

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində ümummilli liderin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz ümummilli lider Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Ümummilli lider bu quruculuğa 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın  birinci katibi seçildiyi dövrdə başlamışdır. Hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Ümummilli liderin birinci hakimiyyəti dövründə yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqələrində, şəhələrdə, qəsəbə və kəndlərdə  əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir memarlığın əsası sayılan bir sıra memarlıq ansamblı inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib, istifadəyə verilmişdir.

Ümummilli  lider Heydər Əliyevin fəaliyyəti və ömür yolu Azərbaycan xalqı üçün örnəkdir. Məhz ulu öndər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmiş və Azərbaycana qayıtmışdır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyev olmuşdur. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Ulu Öndər nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Danılmaz faktdır ki, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Qarşıya qoyduğu məqsədlərə nail olan Ulu Öndər 1997-ci ildə demişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir". Bu gün dövlətçilik tariximizi yenidən quraraq onu davamlı edən ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, müasir dövlətçilik tariximizdə bu uğuru təmin edən, sözün əsl mənasında, böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev apardığı istər daxili, istərsə də xarici siyasətlə etdiyi strateji həmlələrlə dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılmasına nail olmuşdur.

25 il bundan əvvəl Bakıda Qərb şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır”. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı.

Bu gün daim azərbaycanlı olması ilə fəxr edən azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın işğal altında olan torpaqlarımız əbədi azadlığına qovuşub. Bununla da Heydər Əliyevin böyük siyasəti qalib gələrək onun ölməzliyini bir daha təsdiqləyib.

Turan Kərimli - ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search