Fevralın 28-də Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Tədris Departamentinin Məzun, Koordinasiya və karyera şöbəsinin təşkilatçılığı ilə Gənc Xarici Dil Müəllimləri Birliyinin nümayəndələrinin Filologiya fakültəsinin ingilis dili ixtisasında təhsil alan tələbələri ilə görüşü keçirilib. Görüşü açan ADPU-nun Məzun, Koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova qonaqları təqdim edib.
Çıxış edən Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova birliyin 2023-cü il üçün fəaliyyət istiqamətlərindən danışaraq, müxtəlif universitetlərdə təhsil alan və müxtəlif bölgələrdə yaşayan innovativ müəllimlərin aşkara çıxarılması, xarici dil üzrə beynəlxalq kursların keçirilməsi və beynəlxalq sertifikatların əldə edilməsinin əhəmiyyətindən bəhs etdi. Təqdimat zamanı gənc xarici dil müəllimlərində bu sahədə magistratura və doktorantura təhsilinə maraq yaradaraq, inkişaflarına dəstək olmaq, gələcək gənc xarici dil müəllimlərinə yeni vəsaitlərlə işləmə qaydalarını öyrətmək və perspektiv planlaşdırma ilə təmin olunmaları istiqamətlərində işlərin nəzərdə tutulduğunu qeyd etddi.
Görüşün sonunda tələbələrə xarici dil biliyinə dair vəsaitlər hədiyyə olundu.