Previous Next

Azərbaycan iki ildir ki, Qarabağda öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır

Ölkəmiz beynəlxalq arenada yürütdüyü xarici siyasət kursunda tərəfsizlik, dünyada sülhün və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasını hər zaman əsas tutub. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi diqqət çəkir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan QH isə məhz respublikamızın sədrliyi dönəmində özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan QH-yə sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib. Respublikamız bu müddətdə, həmçinin əvvəlki dövrlərdə Hərəkat ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə bir sıra müsbət nəticələr əldə edib.

            Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Zirvə Görüşünün təmsilçilərinin, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılması da mühüm önəm daşıyır. Belə ki, sözügedən tədbirdə dövlətimizin başçısının çıxışında bildirdiyi kimi, erməni faşizmi əzəli-əbədi torpaqlarımızda 30 illik işğal zamanı klassik urbisid, kultursid və ekosid törədib və bu gün həmin dağıntılar, demək olar ki, heç bir dövlətin iştirakı olmadan Azərbaycanın öz gücü ilə aradan qaldırılır. Halbuki düşməndən təmizlənən ərazilərdə Ermənistan tərəfindən yer üzündən silinən çox sayda İslam abidələrinin izləri qalır ki, bu müqəddəs ocaqların bərpasında Qoşulmama Hərəkatına üzv müsəlman ölkələri tərəfindən fəallıq göstərilə bilər.

            Azərbaycan iki ildir ki, Qarabağda öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Respublika hökuməti bu müddətdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın vəsait xərcləyib. Cari il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayrılması planlaşdırılıb. Azərbaycan müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

            Dövlət başçımızın çıxışındakı müxtəlif məqamlar, o cümlədən, “peyvənd millətçiliyi”nin aradan qaldırılması təklifi müstəsna beynəlxalq əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev artıq dünya ictimaiyyətini çox narahat edən, olduqca mühüm məsələləri gündəliyə gətirir. Dövlət başçımız xatırladır ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. XXI əsrdə ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları mütəmadi müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları isə ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.

            Dövlət başçımızın digər təklifləri də tədbir iştirakçıları tərəfindən razılıq və məmnunluqla qarşılandı. Məsələn, QH sədri olan Azərbaycan lideri təklif edir ki, yeni hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Başqa bir təklif isə tam siyasi məzmunludur: “Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub–Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil”.

            Dövlət başçımızın iqlim dəyişikliyini, kiçik ada ölkələrinin həmin dəyişikliyin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşməsindən yaranan narahatlığı ifadə etməsi və bir sıra digər məqamları dilə gətirməsi növbəti dəfə sübut etdi ki, Qoşulmama Hərəkatı bəşəri proseslərdə iştirak edir və bundan sonra da edəcək.

Dosent Araz Fərəcov - ADPU-nun riyaziyyat fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search