Previous Next

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

Zəngin təhsil ənənələrinə malik ölkəmizin müəllimlik ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin əziz xanım əməkdaşları, müəllim və tələbələri!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cəmiyyətin rifah və intibahının, eləcə də həyat və inkişafın mühüm daşıyıcısı olan sizə fəaliyyətinizdə, şəxsi həyatınızda daimi uğurlar arzulayıram.

Beynəlxalq Qadınlar Günü zərif xanımların cəmiyyətdə bərabərhüquqlu üzv kimi iştirakının təmin olunması, qadın və insan hüquqlarının qorunmasına daha böyük diqqətin yönəldilməsi, hər cür ayrı-seçkiliyə qarşı birlik və həmrəyliyin nümayiş etdirilməsi ilə bağlı nəcib məqsədlərdən yaranmışdır. Bu bayram müasir dünyada indi də geniş qeyd olunur.

Azərbaycan nadir ölkələrdəndir ki, hələ dünyanın qabaqcıl dövlətlərində qadın hüquqlarının tam bərqərar olmadığı dövrdə onların təhsil almaq, seçib-seçilmək və idarəçilikdə təmsil olunmaq, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmək haqları rəsmi şəkildə tanınıb. Bu, hər şeydən əvvəl, xalqımızın çoxəsrlik humanist ənənələrinin və zəngin mədəniyyətinin göstəricisidir. Təsadüfi deyil ki, bu gün qadınlar ölkəmizin təhsil-təlim, elmi-mədəni və ictimai-siyasi həyatında layiqli yer tuturlar. 105 il bundan əvvəl Xalq Cümhuriyyəti tərəfindən müsəlman Şərqində ilk dəfə seçmək-seçilmək hüququ verilən Azərbaycan qadını bu gün də əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ardıcıl davam etdirdiyi siyasət nəticəsində cəmiyyətimizin aktiv və yaradıcı qüvvəsi qismində çıxış edir, yeni-yeni uğurlara imza atır.  

            Ümumbəşər sivilizasiyasına sanballı tarixi mədəni irs bəxş etmiş xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması və gələcəyə ötürülməsində, övladlarımızın geniş dünyagörüşlü, sağlam düşüncəli, iradəli və vətənpərvər şəxsiyyət kimi tərbiyə olunmasında əsas vəzifəni fədakar xanımlarımız şərəflə yerinə yetirirlər. Məhz bu tərbiyə ilə yetişən mərd oğullarımız 44 günlük Vətən müharibəsində öz canlarından keçmək bahasına Vətənimizin ərazi bütövlüyünü bərpa etdilər, doğma Qarabağımızın 30 illik işğalına son qoydular.

            Gələcəyimiz olan uşaqlarımızın, gənclərimizin tərbiyə olunmasında ana missiyasını qürurla daşımaqla yanaşı, qadınlarımız müəllim kimi də aparıcı rol oynayırlar. Təhsil sahəsində çalışanların əksəriyyətini cəmiyyətimizin bu nəcib və zərif təbəqəsi təşkil edir. Fəxrlə demək olar ki, onların arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları xüsusilə seçilirlər.

Əziz xanımlar!

Sizi bir daha ən səmimi hisslərlə təbrik edir, müqəddəs peşənizdə, təhsilinizdə uğur və əzmkarlıq, həyatınızda cansağlığı və sonsuz səadət arzulayıram.

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search