Martın 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (ADPU Könüllüləri) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə tələbələr Vətən müharibəsi şəhidi İntiqam Abbasovun ailəsini ziyarət ediblər.
Ziyarətdə şəhidin ailə üzvləri tələbələrə İntiqamın keçdiyi şərəfli döyüş yolu və xatirələrindən söz açaraq, onun Vətənə olan sevgi-məhəbbətinin tükənməzliyini vurğulayıblar.
Azərbaycan Ordusunun baş giziri, tankçı İntiqam Abbasov Vətən müharibəsinin ilk günlərində - sentyabrın 29-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön cəbhədə şəhid olmuşdur. Masallı rayonunun Köçəkli kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, şəhidin övladı Xədicə Abbasova ADPU-nun Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsidir.