Martın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov qeyd edib ki, gündəliyə Ümumi fizika və Fizikanın tədrisi texnologiyası kafedralarına kafedra müdiri seçkisinin keçirilməsi daxil edilib. Məlumat verilib ki, iclas Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na əsasən keçirilir. Hər bir vəzifəyə bir namizəd sənəd verib.
Daha sonra namizədlərin 5 illik strateji inkişaf platformaları dinlənildi. Əvvəlcə Ümumi fizika kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən professor Cahangir Hüseynovun, daha sonra isə Fizikanın tədrisi texnologiyası kafedrasının kafedra müdiri vəzifəsinə namizədliyini irəli sürən dosent Sevinc Cəlilovanın strateji inkişaf platforması dinlənildi. Gizli səsvermənin nəticələrinə əsasən, səs çoxluğu ilə hər iki namizəd kafedra müdiri vəzifəsinə seçildi.