Previous Next

Professor Mahirə Hüseynovadan “Novruz mühazirəsi”: Dəyərlərə sevgisi ilə tanınan alim

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı v.i.e. professor Mahirə Hüseynovanın "Həsən Mirzəyev: Dəyərlərə sevgisi ilə tanınan alim" mövzusunda "Novruz mühazirəsi" keçirilib.

Mühazirədə ADPU-nun rəhbərliyi, prorektorlar, dekanlar və professor-müəllim heyəti iştirak edib.

Prof. Mahirə Hüseynova qeyd edib ki, 1989-cu ildə Qarbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti ölkə Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü ilə ötən ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasına çevirildi və Prezident İcmanın üzvləri ilə görüşdə dəqiq tarixi faktlara əsaslanaraq, tarixi Qarabağ zəfərindən sonra diqqəti Qərbi Azərbaycan həqiqətlərinə yönəltdi. Natiq vurğulayıb ki, bu gün biz ziyalıların üzərinə düşən vəzifə müzəffər Ali Baş Komandanın göstərdiyi yolda irəliləmək, əməli fəaliyyət göstərmək, elmi tədqiqatları genişləndirməkdir.

Qeyd olunub ki, cənab Prezidentin proqram xarakterli çıxışı bir dönüş nöqtəsi idi və bundan sonra qısa zamanda Qərbi Azərbaycana Qayıdış konsepsiyası hazırlandı və BMT-nin sənədi kimi beynəlxalq səviyyədə yayımlandı, son günlərdə isə İcma Ermənistan Baş Nazirinə yazılı müraciət ünvanladı. Bu müraciətdə qeyd olunur ki, Qərbi Azərbaycandan olan azərbaycanlılar öz vətənlərinə qayıtmalıdır.

Prof. M.Hüseynova vurğulayıb ki, bu gün Qərbi Azərbaycan həqiqətlərindən danışarkən, unudulmaz alim və görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyevin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır: “1997-ci ildə Ulu Öndər ziyalılarla görüşündə Həsən müəllimdən soruşmuşdu ki, indi nədən yazırsınız, yenə feildən yazırsınız? Həsən müəllim cavab vermişdi ki, bəli, sahəm budur, cənab Prezident! Onda Heydər Əliyev deyir: “Bəs Qərbi Azərbaycanın onomastikasını kim işləyəcək?” Bundan sonra ADPU-da işlədiyi kafedraya qayıdan Həsən Mirzəyev on iki doktorantına Qərbi Azərbaycanla bağlı mövzular verir, bu sahədəki tədqiqatlarını genişləndirir. Qərbi Azərbaycanın elmi baxımdan ilk araşdırıcılarından biri  olan prof. H.Mirzəyev buradakı bütün tanınmış şəcərələri, ərazinin dialekt və şivələrini, toponimlərini dəqiqliyi ilə araşdırıb. Akad. Tofiq Hacıyevin təbirincə desək, Həsən müəllim təkcə alim yox, özlüyündə Qərbi Azərbaycan deməkdir.”

Mühazirə ətrafında çıxışlar edən elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, prof. Əli Zalov vurğulayıblar ki, prof. Həsən Mirzəyevin zəngin elmi yaradıcılığı Qərbi Azərbaycan irsinin sistemləşdirilməsində mühüm mənbə kimi öyrənilməli, bu sahədə tədqiqatlar davam etdirilməlidir.

Qeyd olunub ki, həftə boyu ADPU-da müxtəlif aktual mövzularda “Novruz mühazirələri” davam etdiriləcək.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search