Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə "Qələbə ətirli Novruz" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Moderatorlar Kamilla Rzayeva və Arzu Əliyeva Novruz haqqında müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər. Daha sonra filialın direktoru f.e.d. Yusif Alıyev çıxış edərək bildirib ki, 3 ildir ki, parlaq qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk tonqalları artıq bütün Azərbaycan torpaqlarında qalanır. Təsadüfi deyil ki, 3 il bundan əvvəl hər birimiz üçün Şuşada Novruz tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının qarşısında qalanır. Direktor qeyd edib ki, ötən Novruzdan bu günə qədər ADPU-nun Quba filialı da bir çox ilklərə imza atdı. Filialda 2 yeni fakültə, 4 kafedra yarandı.
Y.Alıyev çıxışını Ulu Öndər Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi fikirlərlə yekunlaşdırıb: "Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güç veribdir. Bu bayram bütün dövrlərdə yaşayıbdır. Bu gün isə müstəqil Azərbaycanın ərazisində o, əziz bayram kimi qeyd olunur. Novruz bayramının çox böyük mənası vardır. Bu, həm bahar bayramıdır, həm təbiətin oyanışının bayramıdır, həm də insanların həyatında böyük dəyişikliklər bayramıdır."
Tədbirdə filial rəhbərliyi tərəfindən bir qrup əməkdaş və tələbələr Fəxri fərman, bir neçə qrup isə Təşəkkürnamə ilə təltif ediliblər.
Sonra tələbələrin hazırladıqları səhnəciklər, rəqslər nümayiş olunub, Novruz atributları olan Kosa və Keçəlin nömrələri, yumurta döyüşü marağa səbəb olub.
Daha sonra filialln həyətində tonqal qalanıb, xoş arzular səsləndirilib, filialın rəhbərliyi və tələbələr tonqal ətrafında rəqs ediblər.