Previous Next

44 günlük Vətən müharibəsi zamanı milli birlik modeli uğurla həyata keçirildi

Son 20 il ərzində Azərbaycanda siyasi, iqtisadi-sosial, hüquqi islahatlar uğurla həyata keçirilmiş, vətəndaş cəmiyyətinin və demokratikləşmə prosesinin möhkəmlənməsi istiqamətində ciddi addımlar atılmışdır. Eyni zamanda insan hüquqları və azadlıqlarının təmin olunmasında, demokratik təsisatların yaradılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda respublikamızda vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalararası dialoqun daha da möhkəmləndirilməsi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar davam etdirilməli və siyasi partiyalar arasında dialoq yaradılmasının zəruri olduğunu bildirən Ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır”.

Hazırda ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb.  Bu istiqamətdə əhəmiyyətli addımlar atılıb. Belə ki, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, əvvəl 22 siyasi partiya, Vətən müharibəsindən sonra isə daha 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Bu baxımdan bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirildiyi görüş mühüm əhəmiyyət kəsb edir.

Həmçinin, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası da uğurla davam etdirilir. Məhz “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi bunun əyani sübutudur. Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Yeni qanunun qəbul edilməsi zamanın tələbindən və günümüzün reallığından irəli gəlir. Çünki 1992-ci ildə qəbul olunmuş qanun müasir tələblərlə ayaqlaşmırdı və ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə baş verən mühüm dəyişikliklər yeni qanunun  qəbul olunmasını zəruri etmişdir.

Aparılan uğurlu islahatların nəticəsi kimi Azərbaycanda milli həmrəyliyin, iqtidar-müxalifət siyasi dialoqunun formalaşmasına böyük töhfələr verdi. 44 günlük Vətən müharibəsi zamanı milli birlik modeli uğurla həyata keçirildi. Siyasi partiyaların çoxu vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Müharibə zamanı siyasi partiyaların iştirakı ilə 8 birgə bəyanat, eləcə də beynəlxalq təşkilatlara 2 birgə müraciəti qəbul edildi. Siyasi partiyaların bu müraciət və bəyanatları milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin yüksək səviyyəsinin təsdiqi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı qeyd etmişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə siyasi partiyalarla yeni münasibətlərin formalaşdırılması, eyni zamanda milli həmrəyliyə və dialoqa xidmət edən siyasi islahatlar bundan sonra da uğurla davam etdiriləcəkdir.

Nailə Hüseynova - ped.ü.f.d., dosent,
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search