Previous Next

"Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində Litvaya təlim səfəri

Cari ilin 13-17 mart tarixlərində Mykolas Romeris Universitetinin ev sahibliyi ilə Litvanın paytaxtı Vilnüs şəhərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri həyata keçirilib. Səfərdə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) rektor professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor dosent Eldar Aslanov təmsil edib.
Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, 20-yə yaxın Azərbaycan ali təhsil müəssisəsindən rektorlar, prorektorlar və digər məsul şəxslər iştirak ediblər.
Səfərin məqsədi tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi olub. Belə ki, səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib.
Eyni zamanda, təhsildə keyfiyyət təminatı məsələləri təlim proqramının digər mühüm istiqaməti olub. Mykolas Romeris Universitetinin keyfiyyət təminatı üzrə təcrübəli ekspertləri universitetin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbəmərkəzli tədris, öyrənmə və qiymətləndirmə, Mykolas Romeris Universitetinin akademik heyətin idarə edilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda mövcud təcrübələrini bölüşərək məhsuldar fikir mübadilələri aparıblar. Seminarlarla yanaşı, Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə tanış olublar.
Səfər müddətində layihənin koordinatoru Gülşən Bayramova aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verib. Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov sədrliyi ilə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda Komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search