Martın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri olmaqla ümumilikdə 200 nəfərə yaxın auditoriya iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Filialın akt zalında baş tutan tədbirdə Quba regional “ASAN xidmət” mərkəzinin könüllülərlə iş üzrə məsul şəxsi Ülvi Məmmədov qonaqları salamlayaraq “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktik konfransın əhəmiyyətini vurğuladı və konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırdı.
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını salamlayaraq, müstəqil Azərbaycanın qurucusu, Ümumilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində gördüyü mühüm işlərin də bu gün uğurla davam etdirilməsindən danışdı.
Məruzəçi Ülvi Məmmədov "Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu" mövzusunda çıxış edərək qeyd etdi ki, Heydər Əliyev etnik milliyyətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan azərbaycançılıq prinsipini milli idealogiya kimi irəli sürürdü.
Daha sonra ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, həmin kafedranın müəllimi Aygün Şıxbabayeva “Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər”, Riyaziyyat və təbiət elmləri fakültəsinin əməkdaşı Nəhayət Şirinova “Heydər Əliyev Azərbaycan qadınları haqqında”, Quba regional “ASAN xidmət” mərkəzinin “Hüquqşünaslıq” istiqaməti üzrə Master 2 könüllüsü Ayşə Səfərəliyeva “Müasir Azərbaycanda multikultural cəmiyyət", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov isə "Azərbaycanda multikulturalizm və dini müxtəliflik" mövzusunda məruzə elədi.