Previous Next

ADPU-da magistrantların Respublika elmi konfransı işinə başlayıb: Təhsildə strateji idarəetmə və müasir yanaşmalar

Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar” Magistrantların VI Respublika elmi konfransı öz işinə başlayıb.
Əvvəlcə Təşkilat Komitəsinin üzvləri universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra konfrans iştirakçıları ADPU-nun dövri-elmi nəşrləri, son 6 ildə universitetdə müntəzəm keçirilən magistrantların respublika elmi konfranslarının materialları və 2021-ci ildən ADPU-da nəşr olunan “Magistrant” dövri-elmi jurnalının nömrələrindən ibarət sərgi ilə tanış olublar.
Açılış nitqi ilə çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq qeyd edib ki, bu il Pedaqoji Universitetdə altıncı dəfə keçirilən Magistrantların Respublika elmi konfransı Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Rektor diqqətə çatıdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” deyən müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirilmiş, maddi-texniki baza gücləndirilmiş, təhsilin keyfiyyəti yüksəlmişdir və bu qayğı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də davam etdirilir.
Prof. C.Cəfərov bildirib ki, ADPU-da son illərdə həyata keçirilən islahatlar universitetin yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. “Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun olaraq yeni ixtisaslar yaradılır.” – deyə rektor qeyd edib.
Vurğulanıb ki, ADPU-da MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq, “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramının isə ötən il ilk buraxılışı olub.
Rektor diqqətə çatdırıb ki, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən təhsildə sürətli dəyişikliklərin baş verdiyi dövrümüzdə təhsilin təşkili və idarə edilməsinə də münasibət dəyişilməli, yeni yanaşmalar tətbiq olunmalıdır. Bu istiqamətdə davamlı işlər aparılır və Respublika konfransının da bu mühüm problemə həsr olunması bu məqsədə xidmət edir.
“Heydər Əliyev – elm və təhsilin himayədarı” mövzusunda məruzə ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Ümummilli Lider Heydər Əliyevin təhsil quruculuğu ilə bağlı gördüyü işlərdən söz açaraq, Ulu Öndərin hələ sovetlər dönəmindən Azərbaycanda elmin və təhsilin kompleks inkişafı, milli elmi-pedaqoji, hərbi kadr hazırlığı, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, fundamental tədqiqatlar, on cildlik Azərbaycan Sovet Ensiklopediyasının hazırlanması və kütləvi tirajla nəşri kimi hərtərəfli və düşünülmüş siyasətinin 90-cı illərdən etibarən, müstəqillik dövrünün və müasir dünyanın tələblərinə uyğun olaraq, davam etdirildiyini deyib. Natiq bildirib ki, hər xalqın taleyində dönüş yaradan fövqəlbəşər şəxsiyyətlər vardır. Belə şəxsiyyətlərə misal olaraq, Amerikada Corc Vaşinqton, Böyük Britaniyada Uinston Çörçill, Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl de Qolla yanaşı, Azərbaycanda Heydər Əliyevi xüsusilə qeyd etmək lazımdır.
Prorektor vurğulayıb ki, elmi potensilın qorunması və inkişaf etdirilməsi hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizin Prezidenti İlham Əliyev, həmçinin Birinci Vitse-prezident Mehriban Əliyeva bütün sahələrdə olduğu kimi elm və təhsil, intellektual potensialın gücləndirilməsi sahəsində də Heydər Əliyevin siyasətini uğurla davam etdirirlər.
Çıxışçılardan professor Əli Zalov və professor İsa İsmayılov ADPU-da elmin populyarlaşdırılması və Ümummilli Lider Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən danışaraq, universitetdə 6 dövri-elmi jurnalın, o cümlədən, “Magistrant” dövri-elmi jurnalının nəşrini, hər il keçirilən gənc alimlər və tədqiqatçılar arasındakı müsabiqəni, beynəlxalq və respublika elmi konfranslarını qeyd edərək, əməkdaşların son illərdə yüzlərlə kitab və 1000-dən çox elmi məqalələrinin nəşr olunduğunu, beynəlxalq tədqiqat, kadr və informasiya mübadiləsi işində aktiv iştirak etdiklərini diqqətə çatdırıblar.
Daha sonra ADPU-nun magistrantı Nurxan Rəcəbli “Ali təhsil müəssisələrinin strateji planlaşdırılması və idarə edilməsi”, BDU-nun magistrantı Ayan Mirzəyeva isə “Müasir dövrdə təhsil sistemində innovativ dəyişikliklər” mövzusunda məruzə ediblər.
Plenar iclasdan sonra Təhsildə strateji idarəetmə, İnnovasiyalar və təhsilin keyfiyyəti, Təhsildə sosial-psixoloji xidmət və Tədrisin müasir problemləri bölmələri üzrə məruzələrin dinlənilməsinə başlanılıb.
Qeyd edək ki, 2 gün davam edəcək konfransda ADPU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Pedaqoji Universitetdə təhsil alan çinli magistrantların 310-a yaxın tezisi dinləniləcək. Təşkilat Komitəsinin rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək, tezislər konfrans materiallarında nəşr olunacaq.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search