Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Sərgidə universitet rəhbərliyi və professor-müəllim heyəti və tələbələrlə yanaşı, Erasmus+ KA1 müdbadilə proqramı çərçivəsində ADPU-da səfərdə olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (KUK) müəllimləri Lise Halkier və Lotte Klint, habelə Pedaqoji Universitetin Kitabxana-İnformasiya Mərkəzində praktika keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri də iştirak edib.
Sərginin açılışında çıxış edən rektor professor Cəfər Cəfərov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibəti ilə ADPU-da silsilə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Rektor bildirib ki, universitetdə mütəmadi olaraq Ümummilli Liderin xatirəsinə həsr olunmuş elmi konfranslar, gənc alim və tədqiqatçılar arasında müsabiqə, Heydər Əliyev dərsləri, ekskursiyalar, tələbə və magistrantlar arasında maarifləndirici, ədəbi-bədii tədbirlər, seminarlar və s. keçirilir.
Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov diqqətə çatdırıb ki, ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda Ulu Öndər Heydər Əliyevin əsərləri və onun haqqında müxtəlif dillərdə çoxsaylı ədəbiyyatlar yer alır. Prorektor diqqətə çatdırıb ki, Pedaqoji Universitetin Kitabxana-İnformasiya Mərkəzində Heydər Əliyevə aid ümumilikdə 344 adda 1572 nüsxə kitab mövcuddur ki, onlardan da 153 adda 1202 nüsxə ədəbiyyat Ümummilli Liderin əsərləri, 191 adda 370 nüsxə ədəbiyyat isə Ümummilli Lider haqqında yazılmış kiablardır. Bildirilib ki, kitabxanada Heydər Əliyevlə bağlı Azərbaycan dili ilə yanaşı (latın və kiril əlifası ilə), rus, türk, ingilis, fransız, ərəb, fars və serb dillərində olan ədəbiyyatlar var.