Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində mütəmadi olaraq keçirilən “Heydər Əliyev dərsləri”nin bugünkü iştirakçıları Məktəbəqədər təhsil fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının 2201 və 2202-ci qruplarının tələbələri olublar.
50-dən çox tələbənin iştirak etdiyi dərs Ulu Öndərin fenomenal şəxsiyyətinə, çoxşaxəli və genişmiqyaslı fəaliyyətinə həsr olunmuş “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” adlı mühazirə ilə başlayıb. Sonra ekranda dünyanın ən qüdrətli dövlətlərinin liderlərinin müxtəlif illərdə Heydər Əliyev haqqında söylədiyi fikirlərdən ibarət slaydlar nümayiş olunub.
Mərkəzin əməkdaşı tələbələri eksponatlarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat verib. “Xəzər” TV tərəfindən çəkilmiş qısametrajlı sənədli film iştirakılarda xüsusi maraq doğurub.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə dair qarşılıqlı sual-cavab və müzakirələrlə davam edib. Tələbələrin əksəriyyəti müzakirələrdə fəal iştirak edib.