Aprelin 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli – 68” ərazi partiya təşkilatı (ƏPT) tərəfindən görkəmli oftolmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim kollektivi və fəal tələbələri ilə yanaşı tanınmış elmi-ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADPU-nun foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov bildirib ki, 2023-cü ilin aprel ayının 15-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Rektor deyib: “Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.”
Bildirilib ki, 3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. Ölkəmiz ən böyük göz xəstəlikləri mərkəzi olan Milli Oftalmologiya Mərkəzi məhz Akademik Zərifə Əliyevanın adını daşıyır.
Sonra akademikin həyat yolundan bəhs edən videoçarx nümyiş olunub.
Filologiya fakültəsinin tələbəsi Aytac Muradlının moderatorluğu ilə davam edən tədbirdə çıxış edənlardən vaxtilə Zərifə xanımla birgə çalışmış tanınmış oftolmoloq alim, professor Paşa Qəlbinur, tibb elmləri doktoru, Azərbaycan Fitoterapeftlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova, AMEA-nın vitse-prezidenti professor İradə Hüseynova və tibb tarixi üzrə araşdırmaçı Aidə Bəndəliyeva böyük alim və ictimai xadim, nəcib insani keyfiyyətlərə malik görkəmli şəxsiyyət kimi Zərifə xanım haqqında xatirələrini bölüşüb, onun elmi-praktik irsindən söz açaraq, apardığı tədqiqatların önəmi qeyd ediblər. Bildirilib ki, Azərbaycan milli oftolmologiyasının banilərindən olan akademik Zərifə Əliyeva elmdə bir çox ilklərə imza atmaqla 1981-cı ildə oftalmologiyanın inki¬şafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsin-də apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax Mükafatına layiq görül¬müşdür. Qeyd etmək lazımdır ki, pro¬fessor Zərifə xanım Əliyeva həmin mü¬kafata layiq görülən ilk qadın olmuşdur.
Çıxışlarda vurğulanıb ki, Zərifə xanım böyük alim olmaqla yanaşı, görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutur. Həm də Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi Zərifə xanım daim onun yanında olmuş, bu gün Ümummilli Lider yolunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirmişdir.
Tədbir Aytac Muradlının ifasında Mahirə Nağıqızının “Heydər dastanı” şeirinin səsləndilməsi ilə sona çatıb.