Aprelin 17-dən 20-dək Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) müəllimləri Lise Halkier və Lotte Klint Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdə olublar. Səfərin məqsədi ADPU-nun rəhbərliyi və müəllim heyəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparmaq, təqdimatlar keçirmək, Bakıdakı uşaq bağçalarına, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri və orta təhsil məktəblərinə baş çəkərək onların fəaliyyəti ilə yaxından tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində qonaqlar ADPU-nun rekrotu professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanovla və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova ilə görüşüb, Pedaqoji Universitetdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisində iştirak edib, “Danimarkada uşaq bağçası ənənəsi və oyun əsaslı təlim” mövzusunda təqdimat ediblər. Bundan əlavə, UCC nümayəndələri ADPU-nun Məktəbəqədər təhsil və İbtidai təhsil fakültələrinin rəhbərliyi, müəllimləri və tələbələri ilə görüşlər keçirərək bilik mübadiləsi aparıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı məktəbi, “Qərənfil” körpələr evi – uşaq bağçasını və 6 saylı məktəb-liseyi ziyarət ediblər. Sözügedən görüşlər zamanı danimarkalı tələbələrin Erasmus+ mübadilə proqramı çərçivəsində ADPU-da təhsil almaq və ziyarət etdikləri təhsil müəssisələrində təcrübə keçmək imkanları araşdırılıb.
Qeyd edək ki, bu səfər UCC ilə əməkdaşlıq çərçivəsində 2016-cı ildən bəri 4-cü akademik heyət mübadiləsidir. Sözügedən heyət daxil olmaqla, bu günədək 9 nəfər müəllim proqram çərçivəsində ADPU-nun qonağı olub.