Previous Next

İmzalanan Anlaşma Memorandumu enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan çox mühüm addımdır

Son dövrlər Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır. Ötən ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunu bir daha sübut edir. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcəkdir.

Şərqi Avropada Azərbaycanın strateji tərəfdaşlarından biri də Bolqarıstandır. Şübhəsiz hər iki ölkə arasında ticarət dövriyyəsindəki artımlar və münasibətlərin inkişafı bunu bir daha təsdiq edir. 2022-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 325 milyon 391 min dollar olub. Bu o deməkdir ki, ötən il Azərbaycan ilə Bolqarıstan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,5 dəfə artıb. 2022-ci ildən başlayaraq Azərbaycan Bolqarıstan ilə enerji əməkdaşlığını gücləndirib. Bolqarıstan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycan mavi qazını istehlak edir. Bu il Bolqarıstana 1 milyard kubmetrdən çox qaz nəql ediləcək. İstər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun reallaşması Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi ölkəmizin regional enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir.

Cari ilin aprel ayının 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Bu anlaşma regional geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlən Azərbaycan ilə Avropa arasında imzalanan yeni əməkdaşlıq səhifəsidir. Eyni zamanda  imzalanan Anlaşma Memorandumu enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan çox mühüm addımdır.

Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzalanan memorandumun Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcəyini bildirərək qeyd etmişdir: "Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq".

Memorandum modernləşdirilmiş “Həmrəylik halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini də müəyyən edir. Həmçinin, “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Göründüyü kimi Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır və Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndiriləcəkdir.

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search