May ayının 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) böyük akt zalında Pedaqoji Universitet və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Gələcəyin müəllimi" II musiqi müsabiqəsinin qala konserti keçirilib.
Əvvəlcə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva açılış nitqi ilə çıxış edərək, iki ali təhsil ocağının birgə layihəsi əsasında artıq ikincisi keçirilən bu unikal müsabiqənin gələcəyin musiqi müəllimlərinin stimullaşdırılması və onların peçəkar inkişafına dəstək baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Sonra isə qaliblərin təltif olunması mərasimi keçirilib. Əvvəlcə müsabiqədə iştirak edən ADPU və ADMİU tələbələrinə diplom və sertifikatlar təqdim olunub. Daha sonra qaliblərin mükafatlandırılmasına başlanılıb. Müsabiqənin yekun nəticəsinə əsasən, “Duet və ya ansambl” nominasiyası üzrə "Gələcəyin müəllimi" II musiqi müsabiqəsinin Qran-pri makfatını ADMİU-nun tələbəsi, fleyta ifaçısı Rəhilə Nəzərova qazanıb. “Duet və ya ansambl” nominasiyası üzrə Aynur Bəhmənli (ADMİU) I yerə, Köçəri Məstəliyev və Aygün Vəliyeva (ADPU) II yerə, Zeynəb Zeynalova və Aygün Vəliyeva (ADPU) III yer tutublar, Şəms Əzizova və Nurlan Həsənov (ADPU) nominasiya üzrə xüsusi diplomla, Sədəfxanım Mehdiyeva və Nigar Quluzadə isədiplomla təltif olunublar. “Müəllim – tələbə dueti” nominasiyası üzrə Aynur Bəhmənli (ADMİU) II yerə, Cəmilə İsmayılova (ADPU) isə III yerə layiq görülüb. “Solo alətlər” nominasiyası üzrə isə Çinarə Quliyeva (fortepiano, ADPU), Gülsurə İbişzadə (fortepiano, ADMİU), Köçəri Məstəliyev (tar aləti, ADPU) və Gülşən Hüseynova (solo-xanəndə, ADMİU) I yerə, Nuray Əkbər (fortepiano, ADPU), Sevinc Tağıyeva (fortepiano, ADMİU), Murad Bayramlı (tar aləti, ADMİU), Ayxan Səmədov (saz aləti, ADMİU), Zeynəb Zeynalova və Nuray Əkbər (solo-vokal, ADPU) və Əsmər Əlizadə (solo-xanəndə, ADMİU) II yerə, Günay Quliyeva (fortepiano, ADMİU), Günel Hüseynova (fortepiano, ADPU) və Arif Səmədzadə (digər alətlər, ADPU) isə III yerə layiq görülüblər.
Mükafatlandırma mərasimindən sonra qaliblərin qala konserti keçirilib. Konsertdə V.Mustafazadənin “Yollar”, L.F.Pulenkin “İmprovizasiya” №15, xalq mahnısı “O yana döndər məni”, S.Rüstəmovun “Qaytağı”, S.Əliyevanın “Ana”, T.Quliyevin “Qaytağı”, R.Hacıyevin “Bakı haqqında mahnı”, A.Bəbirovun “Prelüd-skertso” mahnıları, “Qarabağ şikəstəsi” zərbi-muğamı və aşıq havası “Urfani” ifa olunub.