Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nüremberq Universiteti (FAU) və Qazaxstanın Qazax Milli Pedaqoji Universiteti (KazNPU) ilə birgə icra olunan “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə-Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” (“Pedagogical Professionalism and Internationalization - Dialogue with the Post-Soviet Islamic Education Space”) adlı layihə çərçivəsində 5-6 iyun tarixlərində “Çoxdillilik, beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ amillər kimi” ("Multilingualism, internationalization, digitalization as factors of innovations in teacher education") mövzusunda Beynəlxalq konfrans keçirilib.
Konfransdan əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransın nümayəndələri və layihə rəhbərlərini qəbul edib. Görüşdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan rektor prof. Cəfər Cəfərov 3 illik layihənin sonunda belə bir konfransın baş tutmasını uğurlu hesab edərək, növbəti mərhələdə hər iki universitet ilə əməkdaşlıq etmək haqqında yeni danışıqların aparılması barədə təkliflərini irəli sürmüşdür. Professor Cəfər Cəfərov qeyd etmişdir ki, konfransa Almaniya, Qazaxstan və Azərbaycandan ümumilikdə 37 məqalə təqdim edilmişdir.
Çıxış edən prorektor prof. Mahirə Hüseynova bu cür konfransların professor-müəllim heyəti və tələbələr üçün əhəmiyyətli olduğunu vurğulamış, konfransın müəllimlik fəaliyyəti ilə məşğul olan və ya yeni başlamış, ya da bu yolda ilk addımlarını atmağa hazırlaşan gənc mütəxəssislərin bir yerə toplaşmasına səbəb olduğunu bildirmişdir.
Konfransda çıxış edən ADPU-nun prorektoru prof. Asəf Zamanov hər kəsin mövqeyini eşitməyin, qarşılıqlı fikir mübadiləsi zəminində bənzər və fərqli görüşləri dəyərləndirməyin vacibliyini qeyd etmişdir. Professor qeyd etmişdir ki, elmi araşdırmanın təşviqini hədəfləyən bu kimi konfrans və seminarlar peşəkar müəllim hazırlığına xidmət baxımından yüksək qiymətləndirilir. Professor hesab edir ki, bütün cəsarətli ideyalar, yeniliyi ehtiva edən təkliflər, əldə olunan nəticələr məhz belə kolloborativ mühitdə yarandıqda, müxtəlif görüşlü mütəxəsislərin fikir süzgəcindən keçdikdə, elmi dəyərini, etibarlılığını daha da artırmış olur.
Qazaxstandan olan layihə tərəfdaşı KazNPU-nun elm və innovasiyalar şöbəsinin müdiri prof. Ulzarxun Abdiqafarova konfransın təşkili və ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür etmiş, xüsusilə ADPU-nun rəhbərliyinə belə bir tədbiri dəstəklədiyi üçün minnətdalığını bildirmişdir.
Plenar iclasın sonunda layihə rəhbəri prof. Anatoli Rakoşkin 3 illik layihənin Bakıda beynəlxalq konfrans ilə nəticələnməsindən çox məmnun olduğunu bildirmiş və ADPU rəhbərliyinə təşəkkür etmişdir.
Konfrans “Beynəlxalq təhsil-tarix, inkişaf və cari problemlər. Azərbaycan, Almaniya və Qazaxstanda təcrübə” (“İnternational education – history, development and current problems. Practice in Azerbaijan, Germany and Kazakhstan”), “XXI əsrdə müəllim hazırlığı-aktual problemlər və perspektivlər” (“Teacher education in XXI century - urgent problems and perspectives”), “Təhsildə rəqəmsallaşma” (“Digitalization in Education”) bölmələri üzrə davam etmişdir.
Konfransın sonunda iştirakçılar sertifikatla təltif olunub.
Səfərin sonunda qonaqlar Bakıda fəaliyyət göstərən xaricdə təhsil üzrə ixtisaslaşmış aparıcı təhsil mərkəzlərindən biri olan “BDM-ARI” Beynəlxalq dil və imtahan mərkəzində olmuşlar. İyunun 7-də qonaqlar vətənlərinə yola düşmüşlər.