İyunun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon İcra Hakimiyyəti, Xəzər Universiteti, “MUSIAD Azərbaycan” və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq simpozium keçirilib.
Beynəlxalq simpoziumda Quba Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, ADPU-nun və Xəzər universitetinin nümayəndə heyəti, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak edib.
Simpozium iştirakçıları, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsini və Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət ediblər.
Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilən simpoziumda Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş nitqi ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev iştirakçılara ADPU-nun rektoru professor Cəfər Cəfərovun salamlarını çatdırıb, simpoziumun keçirilməsində əməyi olan təşkilatçılara dərin təşəkkürünü ifadə edib, regionda keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, simpoziumun mövzusu olduqca əhəmiyyətli tarixi hadisələri özündə ehtiva edir. Fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir.
Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət müşaviri prof. Muhittin Macid, Xəzər Universitetinin təsisçisi prof. Hamlet İsaxanlı, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru prof. Asəf Zamanov, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölməsinin rəhbəri prof. Mehmet Ölmez, “MÜSİAD Azərbaycan”ın rəhbəri Rəşad Cabirli qeyd ediblər ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Məruzəçilər həm də Türkiyə-Azərbaycan qardaşlığının mədəniyyət, ədəbiyyat, təhsil və bu kimi digər sahələrə də təsirini diqqətə çatdırıb.
Simpozium bölmə iclasları ilə davam edib.