Previous Next

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib.

Buna qədər isə xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə Naxçıvandan başlanan milli dirçəliş prosesi Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmağa başlanmışdı. Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə 1991-ci ildə hüquqi müstəvidə münasibət bildirirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi.

Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin məhv olmasına gətirib çıxaracaqdı. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün heç bir iş görmədilər, ölkəmiz dünyada gedən bütün proseslərdən uzaq düşdü. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrin, səriştəsizliyin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqillimizin məhvini qaçılmaz edirdi.

Belə bir vəziyyətdə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimiz bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyununda dövlətin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət olduğunu və bu prinsiplərlə inkişaf yolunu tutduğunu bütün dünyaya bəyan etdi.

Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search