Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni tədris ilinin başlanması və “15 sentyabr – Bilik Günü” münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunmasından sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetə yeni qəbul olunan tələbələr qarşısında çıxış edib.
Rektor Cəfər Cəfərov şərəfli müəllimlik peşəsini seçərək ADPU-nun tələbəsi adını qazanan gəncləri təbrik edərək, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Pedaqoji Universitetin zəngin tarixindən danışaraq indiyək Azərbaycan və xarici ölkələr üçün 170 mindən çox yüksəkixtisaslı müəllim kadrları yetişdirdiyini, universitetin məzunları arasında ölkəmizin elmi-mədəni və ictimai həyatında əhəmiyyətli rol oynamış onlarla görkəmli şəxsiyyətlərin olduğunu qeyd edib.
Prof. C.Cəfərov vurğulayıb ki, Pedaqoji Universitet “Ənənələrə sadiq, yeniliklərə açıq universitet” olaraq gəncləri ənənələri mənimsəyib milli-vətənpərvər ruhlu sağlam vətəndaş, yenilikləri, dünya trendlərini izləyərək ixtisasından asılı olmayaraq, İT və xarici dil biliklərinizi daim artıran, yüksək ünsiyyət bacarığına malik olan əsl mütəxəssis kimi formalaşmağa dəvət edir.
Daha sonra 626 balla ADPU-nun “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul olunan Aynur Ağayeva öz təəssüratlarını bölüşərək, hər şeyin müəllimdən, onun aşıladığı bilgi və dəyərlərdən başladığını, məhz buna görə də, peşəkar müəllim kimi yetişmək üçün müəllimlər ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetini seçməyinin heç də təsadüfi olmadığını qeyd edib. “Əslində, 600-dən yüksək balla ADPU-nu seçməyim olduqca məntiqlidir. Çünki Azərbaycanda dövlət səviyyəsində aparılan təhsil siyasəti, müəllimliyin nüfuzunun qalxması və buna müvafiq olaraq Pedaqoji Universitetdəki inkişaf və yeniliklər, şəffaf və yüksək tədris mühiti hər bir uğurlu gələcək qurmaq istəyən istedadlı gənci bura cəlb edir.” – deyə Aynur vurğulayıb.