Previous Next

Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı

Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlı qətlə yetirmişdir. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanmışdır. Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirmək idi. Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərini həyata keçirdi.

            Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır.

            Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.

Azərbaycan öz ərazisində gələcək faciələrin qarşısını almaq üçün antiterror əməliyyatını həyata keçirməli idi. Çünki Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təhlükə idi və təxribatlarla müşayiət olunurdu. Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil, ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı idi. Təxminən, 10 min nəfər olduğu güman edilən və Ermənistanın maliyyələşdirdiyi bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, o cümlədən, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edir, Azərbaycana qarşı cinayətlər törədirdi.

            44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunmuşdur. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalaraq, siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz idi.

            Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Düşmən ağ bayraq qaldırmalı oldu. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü ilə bərpa etdi.

 

Eldar Aslanov,

ADPU-nun tədris işləri üzrə prorektoru, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search