Previous Next

ADPU-nun filiallarında Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvaova və şəhid valideynləri iştirak edib.
İlk olaraq torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Ardınca 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun hünəri, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün düşünmədən canından keçən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan şəhidlərimiz bizim qürur mənbəyimizdir.
  Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, şəhid anası Güllü Babaşova və Şamaxı filialının məzunu, Vətən müharibəsi şəhidi Orxan Nəbiyevin atası Rza Nəbiyev mövzu ətrafında çıxış etdilər. 
Sonda tədbir bədii hissə ilə davam etdi. Tələbələrin ifasında bədii kompozisiya səsləndirildi, tarda “Xudayar təsnifi” və “Qarabağ şikəstəsi” ifa olundu.
Universitetin Quba filialında da Anım Günü münasibəti ilə “Vətəni yaşadan qəhrəmanlar” adlı tədbir keçirildi. Tədbir, Azərbaycan  Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edilməsi ilə başladı. Tədbirdə pedaqoji heyətlə yanaşı, şəhid ailələri və qazilər iştirak edirdilər.
Açılış nitqi ilə çıxış edən filialın direktoru f.ü.e d., dosent Yusif Alıyev qeyd etdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə, Ali Baş Komandana xalqın etibarı və ehtiramı sonsuzdur. 
Daha sonra ibtidai sinif müəllimiyi ixtisasının II tədris ili tələbəsi Gülşən Qurbanova “Bu yol zəfər yoludur” şeirini səsləndirdi. Filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, Vətən müharibəsi iştirakçısı, qazi İsmət Əliyev, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva və riyaziyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi, Vətən müharibəsi iştirakçısı, qazi Vurğun Qəniyev çıxışlarında  bildirdilər ki, 44 günlük müharibədə  Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Sonda ibtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Səma Asəfova “Onları unutmaq olmaz” şeiri ni səsləndirdi.
Tədbirdən sonra filialın rəhbərliyi və kollektivi Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search