Previous Next

ADPU-da professor Abdulla Sofiyevlə görüş keçirilib

Dünyada mexanika və aerokosmik mühəndislik sahəsində tanınan alim, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) Azərbaycan Diaspor Komitəsinin dəvətiylə Bakıdadır. Tanınmış alim oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək. Uzun illər xaricdə yaşayan, elmi nailiyyətləri ilə seçilən A.Sofiyev səfər müddətində bir sıra ali məktəblərdə professor-müəllim heyəti və tələbələrlə görüşəcək. 
İlk görüş A.Sofiyevin 1976-1980-ci illərdə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Abdulla Sofiyevin həyatı, elmi fəaliyyəti barədə ətraflı məlumat verib. 
102 illik elm və təhsil məbədi olan Pedaqoji Universitetin məşhur məzunları akademik Yusif Məmmədəliyev, akademik Zahid Xəlil və digər şəxsiyyətlərin adını vurğulayan prof. A.Zamanov A.Sofiyevin də ADPU-nun məşhur məzunları sırasında olduğunu qeyd edərək alimin yüksək elmi potensialının tək Türkiyədə deyil, dünyada etiraf olunduğunu deyib.
A.Sofiyevin müəllimi olmuş prof. Məlikməmməd Cəbrayılov yaddaşında qalan xatirələri dilə gətirib, dünyada tanınan alimin müəllimi olduğu ilə fəxr etdiyini qeyd edib. ADPU-nun Riyazi analiz kafedrasının müdiri prof. Bəhram Əliyev A.Sofiyevin ölkədən xaricdəki uğurlu fəaliyyətindən söhbət açıb və bu baxımdan keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
A.Sofiyevin alim həmkarı professor Yusif Həsənov da mexanika və aerokosmik mühəndislik sahəsində alimin gördüyü işlərdən, nüfuzlu elmi dərgilərdəki əsərləri və ona olan istinadlardan danışıb. 
Alimin yaxın qohumu olan Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da onun ölkə xaricində uğurlu elmi fəaliyyətindən, uşaqlıq, gənclik illərindən söz açaraq, A.Aveyin onlar üçün örnək olduğunu vurğulayıb. 
Sonda prof. A.Sofiyev auditoriya qarşısında "Riyaziyyatdan mexanikaya gedən yol: problemlər və perspektivlər" mövzusunda geniş təqdimatla çıxış edərək elm yolunda uğurlu çalışmaların özünəməxsus formulunu cızıb. 
Qeyd edək ki, prof. A.Sofiyev (Avey) "Beynəlxalq mexanika" jurnalının redaksiya heyətinin üzvüdür. 13 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika sahəsinə aid nüfuzlu jurnallarında çap olunub. Məqalələrinin 165-i çox mötəbər beynəlxalq Elmi Sirat İndeksi (SCİ) bazasına daxil olan jurnallarında işıq üzü görüb. Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrində iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search