Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) qızıl fondu olan “91”lərin və Partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımov və ADPU-nun Şamaxı filailının Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova çıxış edərək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi, Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Heydər Əliyev haqqında müfəssəl nitq söylədilər. Qeyd olundu ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır.
Ardınca filialın tələbələri - Fidan Abbasova və Aydan İbadovanın ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirildi.
Sonda Heydər Əliyevə həsr olunan “Tarix yazan əbədiyaşar şəxsiyyət” filmi nümayiş olundu.