Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcanın iştirakı ilə fakültə rəhbərləri ilə görüş keçirildi. İlk növbədə, ADPU-nun rektoru prof. Cəfər Cəfərov çıxış edərək qonaq və qonağın təmsil etdiyi universitet haqqında məlumat verdi.
Görüşün əsas məqsədi MEF Universitetində tətbiq edilən “Okulda Universite: Öğretmen eğitimi” (Məktəbdə universitet: Müəllim hazırlığı) adlı təhsil modeli haqqında ADPU-nun fakültə rəhbərlərini məlumatlandırmaqdan ibarət olub. Mustafa Özcan nəzəriyyə və praktikanı birləşdirən bir proqram kimi hazırlanmış “Məktəbdə universitet” modeli barədə təqdimatla çıxış edib. Pedaqoji fəaliyyətdə daha uğurlu kadr hazırlanması üçün müəllim hazırlığının elə müəllimlərin əsas iş yeri olan məktəblərdən başlamasının önəmini vurğulayıb.
Sonda isə bu model üzrə ADPU-da pilot layihə həyata keçirilməsinin mümkünlüyü barədə fikirlər irəli sürüldü. Müzakirə formatında davam edən görüş fakültə rəhbərlərini maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.