Previous Next

8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Hörmətli həmkarlar! Əziz tələbələr!

8 Noyabr - Zəfər Günü və 9 Noyabr –Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!

Artıq Vətən müharibəsindəki parlaq zəfərimizin üçüncü ilini qeyd edirik. Müasir tariximizin ən möhtəşəm qələbə salnaməmiz olan Zəfər Günü ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Bundan 20 il öncə Ulu öndər Heydər Əliyevin milli dövlətçilik mənafelərinə əsaslanan siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Azərbaycan xalqına söz vermişdi ki, doğma Qarabağımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərqərar ediləcək, ölkəmizin yüksək inkişaf səviyyəsinə çatması üçün daha əlverişli imkanlar yaranacaq. Nəyi, necə və ən əsası, nə vaxt etməyi bilən əsl müdrik siyasətçi, qətiyyətli komandan və xalqının rifahını ali məqsədi hesab edən lider kimi İlham Əliyev ötən müddət ərzində verdiyi bütün vədləri bir-bir yerinə yetirdi. 2020-ci ilin Vətən müharibəsində müzəffər Ali Baş Komandan, rəşadətli ordu və dəmir yumruq kimi möhkəm birləşmiş həmrəy xalq üçlüyü cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi və noyabrın 8-də dağlar incisi Şuşada Azərbaycan bayrağı dalğalandırıldı. 2023-cü ilin 19-20 sentyabrında keçirilən qısamüddətli lokal antiterror tədbirləri nəticəsində isə Xankəndi və ətraf ərazilərdəki separatçılar tərksilah olundu və qondarma rejim özünü buraxmağa məcbur edildi – Azərbaycan öz suverenliyini tam bərqərar etdi. Beləliklə də, mübariz xalqımız son bir əsrin ən böyük qələbəsinə imza atdı.

Bu ilin 15 oktyabrında – ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyində cənab İlham Əliyevin separatçılardan təmizlənmiş bölgələrdə - Xocalı, Əsgəran, Ağdərədə və ən nəhayət, Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaltması isə bu möhtəşəm Zəfər yolunun zirvəsi oldu. Ali Baş Komandan Xankəndi şəhərinin mərkəzindən Azərbaycan xalqına səslənərək, verilən bütün vədlərin yerinə yetirildiyini bəyan edib, yeni inkişaf mərhələsinin - sülh, sabitlik, qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin anonsunu verdi.

Möhtəşəm Zəfər Gününün ardınca isə ölkəmizdə 9 Noyabr – Dövlət Bayrağı Günü qeyd olunacaq. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımızın Azərbaycan Respublikasının Prezidenti tərəfindən Xankəndinin mərkəzində qaldırılması gənc müstəqil dövlətimizin artan qüdrətinin, Azərbaycan Bayrağının əzəmətinin göstəricisidir.

Hörmətli həmkarlar və gələcəyin müəllimləri!

Bu gün Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışın başlanması, azad olunmuş ərazilərin bütün guşələrində dirçəlişin vüsət alması hər birimizin qəlbini fərəh hissi ilə doldurur, daha əzmlə çalışmağa ruhlandırır.

Zəfər Günündə Vətən yolunda canını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Onların arasında ADPU-nun Vətən mühari­bə­sində iştirak edən 200 nəfərədək tələbə və məzunu da  var. Ümumilikdə ADPU-nun adları məlum olan 29 tələbə və məzunu Birinci Qarabağ müharibəsində, 14 tələbə və məzunu Vətən müharibəsində, 1 məzunu isə 2022-ci ilin sentyabr döyüşlərində şəhid olub. Onlardan 3-ü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 3 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bu yaxınlarda universitetimizdə şəhid tələbə və məzunların xatirəsinin əbədiləş­dirildiyi “Zəfər guşəsi”nin açılışı oldu. Bütün şəhidlərimizin unudulmaz qəhrəmanlığını daim yüksək qiymətləndirir, ruhu qarşısında hörmətlə baş əyirik.

Bir daha sizi dövlətçilik tariximizin şanlı səhifəsi və əlamətdar bayramları münasibətilə təbrik edir, ökəmizin qarşısında açılan yeni inkişaf mərhələsinin layiqli vətəndaş­larının yetişdiri­l­məsi kimi şərəfli və məsuliyyətli işdə hər birinizə bol uğur və qırılmaz əzm arzulayıram.

Bayramlarınız mübarək olsun!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search