Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də, Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdi. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün xalqımız və dövlətimiz tərəfindən yüksək hörmət və ehtiram göstərilən, milli mənsubiyyəti, müstəqilliyi, suverenliyi xarakterizə və ifadə edən Azərbaycan bayrağının ən yüksək zirvələrdən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Bu, Azərbaycan dövlətinin gücünü, qüdrətini və xalqımızın milli birliyini nümayiş etdirir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun müstəqil siyasət həyata keçirən, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənən, dünya miqyasında yüksək nüfuza malik olan və yerləşdiyi regionun lider dövləti kimi çıxış edən ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur.
Qürur və sevinc hissi ilə vurğulamaq gərəkdir ki, müstəqil Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarix yazdı, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Beləliklə, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.
Cavid Hüseynov,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri,
mətbuat katibi