Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə təbriki

Hörmətli həmkarlar!

Əziz  tələbələr!

Bu gün – noyabrın 17-də Azərbaycanda həm Milli Dirçəliş Günü, həm də  Beynəlxalq Tələbə Günü qeyd olunur. Hər iki əlamətdar tarix münasibətilə sizi  səmimi-qəlbdən təbrik edirəm.

Beynəlxalq Tələbə Günü 1946-cı ildə, faşist rejiminin azadlıq istəyən çex tələbələri edam etməsinin 7-ci ildönümünə həsr olunmuş beynəlxalq konqresdə təsis edilib. O vaxtdan etibarən 17 noyabr dünyanın müxtəlif ölkələrində tələbələrin beynəlxalq həmrəyliyi günü kimi qeyd olunur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində də müxtəlif tədbirlər keçirilir, tələbələrimiz digər ölkələrdəki həmyaşıdları ilə həmrəyliklərini nümayiş etdirirlər.

Milli Dirçəliş Günü isə 1988-ci ilin noyabrında Azərbaycanda sovet rejiminə və erməni separatizminə qarşı başlanmış ümumxalq hərəkatının rəmzi hesab olunur. Məlumdur ki, hərəkat iştirakçılarının daha fəal hissəsi o dövrün ziyalı və  tələbələri  idi. Bu gün məmnunluq hissi ilə qeyd edirik ki, tələbələrimiz indi də öz yüksək vətənpərvərliyi, milli-mənəvi dəyərlərə sadiqliyi, elmi-texnoloji yeniliklərə meyilliliyi ilə cəmiyyətin aktiv hissəsini təşkil edirlər. Onların dərin savadlı və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasında isə pedaqoqlarımızın, o cümlədən universitetimizin professor-müəllim heyətinin müstəsna rolu vardır.

Hörmətli həmkarlar!

Əziz  tələbələr!

Bu il biz hər iki əlamətdar günü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun dövlət suverenliyimizi ölkə ərazisində tam bərqərar etdiyi bir şəraitdə, yüksək əhvali-ruhiyyə ilə qarşılayırıq.

Sizi bir daha təbrik edir, professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətində, tələbələrimizə isə təhsildə yeni uğurlar arzulayıram.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search