Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev lektoriyasında Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyevanın moderatorluğu ilə “Tarix yazan lider - Heydər Əliyev” mövzusunda praktik konfrans keçirilib.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev giriş nitqində bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanı var edən liderdir. Azərbaycan Heydər Əliyevin şah əsəridir və onun xalqımız qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra layiqli siyasi lider yetişdirməsidir.
“Bu gün biz hamımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında məhz Ulu Öndərin görmək istədiyi firavan və qüdrətli Azərbaycanda yaşayırıq.” – deyə direktor qeyd edib.
Çıxış edən Əməkdar mədəniyyət işçisi, filialın Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova bildirib ki, Heydər Əliyev “Mən öz həyatımın 60 ilini Azərbaycanın bu günü və sabahı üçün yaşamışam.” deyirdi. Natiq qeyd edib ki, ədaləti, humanizmi, Azərbaycan sevgisi onu dahilərin dahisi etdi. Azərbaycana rəhbərlik etdiyi dönəmdən etibarən ölkədə canlanma baş verdi. Hər sahədə uğurlar qazanıldı. Bütün bunlar Heydər Əliyevin səyi nəticəsində olmuşdu. Bu illərdə Heydər Əliyev Azərbaycana lazım olan siyasi xadimlərin yetişməsi üçün onların xaricdə təhsil alıb vətənə qayıtması ilə, xüsusilə, özü məşğul oldu.
Daha sonra filialın “Tarix müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Günəş İskəndərov, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Röya Manafova, “Tarix müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Məhəmməd Qəhrəmanlı və “Tarix coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Rəşad Abdullayev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Azərbaycan xalqı, vətəni üçün gördüyü işlərdən danışıblar.