Previous Next

Qarabağ-Ordu-Xalq birliyi Zəfərimizin əsas mənbəyidir

Üç il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm qələbəmizin əldə olunması ilə nəticələndi. 2023-cü ilin 19 sentyabr tarixində isə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bir günlük həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Azərbaycanın Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yarandı. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı.

Antiterror əməliyyatlarından sonra Müzəffər Ali Baş Komandan separatçılardan təmizlənmiş ərazilərimizə səfər etdi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.

Cari ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Xankəndi şəhərində paradın keçirilməsi Azərbaycanın müasir tarixinə ən qürurverici günlərdən biri kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin paradda çıxışı düşmənə və onun havadarlarına torpağın əsl sahibinin kim olduğunu xatırlatmaqla yanaşı, onlara revanşist hisslərini, məkrli planlarını bir kənara qoymaları üçün ciddi mesaj idi.

Dekabr ayının 21-də isə Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Belə ki, 30 ildən sonra ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi stadionunda çıxışı zamanı qeyd etmişdir: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.

Bu gün bütün Qarabağın ərazisində, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi şəhərindəki stadion cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub. İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq”.

21 dekabr tarixində baş tutan oyunun nəticələrindən asılı olmayaraq qalib də bəlli idi. Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması da təbii ki, böyük rəmzi məna daşıyırdı. Çünki, Qarabağ-Ordu-Xalq birliyi Zəfərimizin əsas mənbəyidir. Otuz il ərzində separatizmin qara rəmzinə çevrilən Xankəndidə bu gün erməni terrorçularının izi-tozu da yoxdur. Beləliklə, bundan sonra  Xankəndi şəhər stadionunda, onun ətrafında silah səsləri deyil, sülh, əmin-amanlıq mesajları ucalacaq.  

 

Eldar Aslanov,

 ADPU-nun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search