Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “EduTime” Təhsil və İnkişaf Mərkəzi, ADPU, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və İslahatçı Gənclər İctimai Birliyinin təşkiatçılığı ilə Türkiyənin tanınmış təhsil adamlarından olan, İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın “Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı” mövzusunda seminar keçib.
Seminarda ADPU rəhbərliyi, təhsil ictimaiyyəti və media nümayəndələri ilə yanaşı təhsilin bütün pillərində çalışan 300-dək təhsil işçisi və tələbə iştirak edib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının 100 illik yubileylərinə həsr olunan seminar Ulu Öndərin "Bir millət, iki dövlət" konsepsiyasının və Qazi Mustafa Kamal Atatürkün "kədəniz kədərimiz, sevinciniz sevincimizdir" amalının günümüzdə təhsil sahəsində davamının, türk xalqlarının qardaşlığı və hər sahədə əməkdaşlığının daha bir göstəricisidir.
Prof. C.Cəfərov bildirib ki, Pedaqoji Universitetdə qardaş Türkiyənin, eləcə də digər qabaqcıl ölkələrin tanınmış təhsil adamlarının müasir yanaşmalarla bağlı təcrübələrini öyrənmək istiqamətində silsilə tədbirlər təşkil olunur, dəyişən dünyanın təhsil trendlərinin öyrənilməsi, tədqiqi və tətbiqi ilə bağlı fəal iş aparılır.
Rektor vurğulayıb ki, Türkiyənin tanınmış təhsil təşkilatçılarından olan Mustafa Aydının seminarı da bu baxımdan xüsusilə əhəmiyyət kəsb edir.
Daha sonra Mustafa Aydın “Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı” mövzusunda məruzə ilə çıxış edib. Alim və ictimai xadim xüsusilə vurğulayıb ki, çağdaş dünyada milli təhsil sistemində, şagirdlərin və tələbələrin yetişdirilməsində təməl elmi-texniki bilik və bacarıqlarla yanaşı dəyərlər sisteminin öyrədilməsi, milli kimlik tərbiyəsinin olduqca önəmli rolu var. "Dəyərlər əsasında qurulmayan təhsilin məhsulu olan gənclər digər ideoloji fikirlərin daşıyıcılarına çevirilərək vətəni və xalqına fayda verməkdən asanlıqla yayındırıla bilinər." – deyə M.Aydın qeyd edib.
Mustafa Aydın özünün milli təhsil baxışlarının ikinci əsas elementinin isə yetişdirilən uşaqlarda, gənclərdə 'öyrədilmiş çarəsizlik" şüurunun aradan qaldırılması olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illər ərzində gənclərə və ümumilikdə ictimai şüura təlqin olunmuş "siz edə bilməzsiniz", "sən yarada bilməzsən", "sən əziyyət çəkmə, hazır məhsuldan istifadə et" kimi tezislərin dağıdıcı təsirlərini aradan qaldırmaq üçün bu gün gənclərimizə tədris və təlim prosesini "sən bacararsan" təməli üzərinə daşımalı, milli kimlik və tarixi kök, irsə məhəbbət əsasında öz çağdaş baxışımızı yarada biləcəyimiz aşılanmalıdır. Gənclər milli mənsubiyyətindən, adət-ənənələrindın utanmamalı, yeniliyi yad mədəniyyətlərin təqlid olunmasında axtarmamamlıdırlar. Spiker vurğulayıb ki, bu xüsusda müəllim və valideynlərimiz övladlarının xarici dillərdə, ən yaxşı xarici universitetlərdə təhsil almalarını arzulamaqla yanaşı, bu incə tarazlığı daim diqqətdə saxlamalıdırlar.
Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Qeyd edək ki, iştirakçılara beynəlxalq iştirak sertifikatı təqdim olunub.