Dekabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu" keçirilib.
Forumun açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Gənclər Fondu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Təhsil” Nəşriyyatı və “Everest” nəşriyyat evinin rəsmi tərəfdaşlığı ilə keçirilən forumda 900-dən çox ibtidai sinif müəllimi iştirak edib.
Naxçıvanda ilk dəfə olaraq keçirilən İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumunda müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mütəxəssislərindən ibarət spikerlər tərəfindən maraqlı mövzularda təqdimatlar edilib. Belə ki, ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti adından forum iştirakçılarını salamlayıb, “Bilik oxumaqdan, hikmət anlamaqdan başlayır” mövzusunda təqdimat edib.
Təqdimatda PIRLS - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatın 2016 və 2021-ci illər üzrə ölkə nəticələri müqayisəli təqdim olunub. Tədqiqat əsasında şagirdlərdə oxu səriştələrinin artırılmasına təsir edən amillər, ev və məktəb mühitinin səmərəli formalaşdırılması, oxunun tədrisi strategiyaları haqqında müzakirələr edilib.
Daha sonra Pedaqoji Univeristetin müəllimləri Yuliya Kərimova “İbtidai siniflərdə şagirdyönümlü olmaq nə deməkdir?” və Leyla Abbaslı “Öyrənmənin qiymətləndirilməsi, yoxsa öyrənmə üçün qiymətləndirmək” mövzularında təqdimat ediblər. Spikerlərin çıxışları təhsilin önəmi, bununla bağlı atılan addımlar və müxtəlif yanaşmalarla bağlı dinləyicilərin yeni, faydalı məlumatlar almasına kömək edib.