Dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin Fiziologiya kafedrasının sabiq professoru, biologiya elmləri doktoru Məmməd Abbas oğlu Qarayevin 90 illik yubileyi münasibəti ilə görüş keçirilib.
Görüşdə ADPU-nun rektoru, prof. Cəfər Cəfərov prof. M.Qarayevi təbrik edib və uzun müddət Pedaqoji Universitetdə göstərdiyi səmərəli elmi-pedaqoji fəaliyyətə görə təşəkkürünü bildirib.
Prof. Məmməd Qarayevə ADPU rəhbərliyi və ADPU Həmkarlar İttifaqı Komitəsi adından təşəkkürnamələr və hədiyyə təqdim olunub.
Daha sonra görüş səmimi söhbət şəratində davam etdirilib. Qocaman müəllim ona göstərilən diqqətə görə Universitetin rəhbərliyinə minnətdarlığını bildirib və vurğulayıb ki, ADPU-da daim əməkdaşlara qarşı yüksək diqqət göstərilir.
Qeyd edək ki, 90 illik həyat yolunun 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olan prof. Məmməd Qarayev 21 dekabr 1933-cü ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. 1951 - 1957-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (hazırkı ADPU) Bədən tərbiyəsi fakültəsini bitirib. 1957-ci ildən Puşkin (indiki Biləsuvar) royonu 1 nömrəli məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 1961-ci ildə V.İ.Lenin adına APİ-nin (hazırkı ADPU) İbtidai məktəb fakültəsinin qiyabi şıbəsində məsləhət məntəqə müdiri vəzifəsində çalışmağa başlamış, 1965-ci ildən İnstitutun Fiziologiya kafedrasında müəllim, 1967-ci ildən baş müəllim, 1972-ci ildən dosent vəzifəsində çalışıb. 1992-ci ildən ADPU-nun Fiziologiya kafedrasında professor vəzifəsində işləyib. Pedaqoji fəaliyyəti dövründə İnsan və heyvan fiziologiyası, İnsan anatomiyası, Uşağın anatomiyası, fiziologiyası və gigiyenası fənlərini tədris edib.
“Yuxu fazalarının ЕЕQ assimmetriyası” monoqrafiyasının, “İnsan anatomiyası”, “İnsan və heyvan fiziologiyası” dərsliklərinin, “Pedaqoji fiziologiya”, “Yaş fiziologiyası”, “Morfo-funksional və fərdi asimmetriya” kimi dərs vəasitlərinin müəllifidir.