Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında payız semestrinin imtahan sesiyasının gedişində iştirak etmək istəyən hər kəs üçün sessiya müddəti açıq qapı günkəri elan olunub.
Qeyd edək ki, Pedaqoji Universitetin Şamaxı filialında 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb. Yanvarın 24-də İctimai Şuranın üzvləri və valideynlər imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Filialda yaradılan İctimai Şuranın üzvlərindən Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar şurasının sədri, dosent Mayıl Alıcanov, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov, həmçinin Dağlıq Şirvan Regional Təhsil idarəsinin əməkdaşı Anar Osmanov və valideynlər tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan obyektiv imtahan şəraiti ilə tanış olublar. O cümlədən, imtahan vərəqələrinin kodlaşdırılması, yoxlama və nəticələrin elan olunması prosesi ilə əyani tanış olan ziyarətçilər operativ və şəffaf prosesdən razılıqlarını ifadə ediblər.
İctimai Şura üzvləri və valideynlər, həmçinin filialda son dövrlərdə istifadəyə verilən İnklüziv Təhsil Mərkəzi, Vebinar otağı, STEAM otağı və s. ilə tanış olublar.